
Bakı. Trend:
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti
əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən
məlumata görə, Paytaxtın Binəqədi və Nizami, həmçinin Abşeron və
Yevlax rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət
əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev,
Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin
Abdullayev saxlanılıblar. Onlardan ümumilikdə 116 kiloqram narkotik
vasitə və 9 500 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin qaçaqmalçılıq yolu ilə
ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil
etdikləri müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

