
Bakı. Trend:
Fransada illik inflyasiya avqust ayında 2,4 faizə çatıb. İyulda
bu göstərici 2,1 faiz təşkil edirdi. Qiymət artımının əsas səbəbi
enerji, xüsusilə neft məhsullarının bahalaşması olub.
Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun
(Insee) açıqladığı ilkin hesablamaya görə, enerji qiymətləri
avqustda illik 16,7 faiz artıb. İyul ayında bu artım 12,6 faiz
idi.
Ərzaq məhsullarının qiymətləri də yüksəlib. İllik artım 1,1 faiz
təşkil edib, təzə məhsulların qiyməti isə 5,8 faiz bahalaşıb.
İyulda bu göstərici 3,8 faiz olub.
Emal olunmuş sənaye məhsullarının qiymətlərindəki azalma
zəifləyib. Tütün məmulatlarının qiymətləri 3,3 faiz artmaqda davam
edib.
Aylıq müqayisədə istehlak qiymətləri avqustda 0,7 faiz yüksəlib.
Bu artımın səbəblərindən biri yay endirimlərindən sonra geyim və
ayaqqabı qiymətlərinin mövsümə uyğun olaraq bahalaşmasıdır. Enerji
və ərzaq qiymətlərindəki artım da aylıq inflyasiyaya təsir
göstərib.
Avropa İttifaqı ölkələrində inflyasiyanı müqayisə etmək üçün
istifadə olunan uyğunlaşdırılmış istehlak qiymətləri indeksi
avqustda illik ifadədə 2,7 faiz artıb. İyulda bu göstərici 2,4 faiz
təşkil etmişdi.
Insee bildirir ki, açıqlanan rəqəmlər hələlik ilkin xarakter
daşıyır. Yekun nəticələr sentyabrın 15-də dərc olunacaq.

