UNEC və “Baker Tilly Audit Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

UNEC-in biznes sektoru ilə növbəti əməkdaşlığı Baker Tilly
International şəbəkəsinin Azərbaycandakı nümayəndəsi və ölkənin
qabaqcıl audit şirkətlərindən biri olan Baker Tilly Audit
Azərbaycan QSC ilə həyata keçirilib.

Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə “Baker Tilly
Audit Azərbaycan”ın təsisçisi və idarəedici partnyoru Samir
Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

Görüşdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov
universitet – iş dünyası əməkdaşlığında səmərəliliyin
artırılmasının vacibliyini vurğulayıb. Rektor UNEC-də biznes
sektoru ilə əlaqələrin gücləndirilməsi istiqamətində həyata
keçirilən yeniliklərdən də söz açıb. Həmçinin tələbələrin iş
dünyasının tələbələrinə uyğun bacarıqlar qazanması məqsədilə tədris
prosesində tətbiq edilən yenilikləri diqqətə çatdırıb.




Samir Vəliyev məzunu olduğu universitetlə əməkdaşlıq etməkdən
məmnunluğunu bildirərək, UNEC-də son illərdə həyata keçirilən
yenilikləri və məzunların iş dünyasına hazırlıq səviyyəsini yüksək
qiymətləndirib. Hazırda “Baker Tilly”də çalışanların böyük qismini
(46%) UNEC məzunlarının təşkil etdiyini vurğulayan Samir Vəliyev
onların biliyi, peşəkarlığı, innovativ yanaşmaları, çalışqanlıqları
ilə daim fərqləndiklərini deyib. O, UNEC məzunları ilə bir
komandada çalışmağın rahat və effektiv olduğunu qeyd edib.

Görüş zamanı hər iki tərəf yaradılan əməkdaşlığın universitet və
iş dünyası üçün faydalı nəticələr verəcəyinə dair əminliklərini
ifadə ediblər.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəddə birgə elmi-praktiki fəaliyyətin həyata keçirilməsi, təcrübə
mübadiləsi və tələbələrin inkişafına yönəlik müxtəlif layihə və
tədbirlərin icrası nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində UNEC-də
“Baker Tilly Həftəsi”, “CEO Talks” görüşlərinin təşkili, “Baker
Tilly Auditoriyası” və “Baker Tilly” tələbə qrupunun yaradılması
planlaşdırılıb. Bundan əlavə, şirkətdə çalışan UNEC məzunlarının
tələbələrlə görüşləri və karyera sərgilərində iştirakı da
əməkdaşlığın əsas istiqamətləri sırasında yer alıb.