
30 ildən sonra Xankəndi şəhərinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması xalqımızın tarixi arzularından birinin gerçəkləşməsinin rəmzinə çevrilib.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-strateji siyasət, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və müdafiə potensialının gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər ölkəmizin hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılmasını təmin edib. Bu siyasətin nəticələri xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı özünü aydın şəkildə göstərib. Azərbaycan Ordusu qarşısında duran tarixi vəzifəni uğurla yerinə yetirərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Deputat qeyd edib ki, artıq üç ildir ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur: “Bu şəhərlərin Azərbaycanın nəzarətinə qaytarılması mühüm tarixi hadisədir. 30 ildən sonra Xankəndi şəhərinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması xalqımızın tarixi arzularından birinin gerçəkləşməsinin rəmzinə çevrilib. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycanın vahid dövlət məkanına reinteqrasiyası həmin ərazilərdə yeni inkişaf və quruculuq mərhələsinin başlanğıcını qoyub”.
Soltan Məmmədov nəzərə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: “Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun formalaşdırılması, şəhər və kəndlərin yenidən qurulması, sosial və ictimai obyektlərin istifadəyə verilməsi, eləcə də keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu prosesin mühüm istiqamətlərindən biri də təhsil infrastrukturunun yaradılması və inkişaf etdirilməsidir. Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə ali təhsilin inkişafı, regionun intellektual potensialının formalaşdırılması və gənclərin Qarabağda təhsil alma imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, görülən genişmiqyaslı işlər yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun müasir, dayanıqlı və dinamik inkişaf edən regiona çevrilməsini nəzərdə tutur: “Bu baxımdan həyata keçirilən layihələr ərazilərin hərtərəfli inkişafına, dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsinə və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsinə xidmət edir”.

