“Qarabağ”ın oyununa təyinat alan hakim daha əvvəl Azərbaycan millisinin Bakıdakı matçını idarə edib

Baş səhifə
Qarabağın oyununa təyinat alan hakim daha əvvəl Azərbaycan millisinin Bakıdakı matçını idarə edib

“Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan norveçli hakim Espen Eskos daha əvvəl Azərbaycan millisinin matçını idarə edib.

“Report”un məlumatına görə, 37 yaşlı FIFA referisi 2021-ci ildə yığmanın İrlandiya komandasına qarşı görüşündə əsas söz sahibi olub.

Ədalət təmsilçisi DÇ-2022-nin seçmə mərhələsində millinin məğlubiyyətinə şahidlik edib. Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə qonaqlar üç cavabsız qolla üstün olublar.

Norveçli hakim 2019-cu ildən beynəlxalq matçlara təyinat alır. O, cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində 4 qarşılaşmanı idarə edib. 11 sarı vərəqə göstərən Espen Eskos hələlik qırmızı vərəqəyə ehtiyac duymayıb.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.