UNEC rektorundan müzakirə təklifi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda universitetlərdə dərs ili hər semestr 15 həftə
olmaqla iki semestrdən və bütövlükdə 30 həftədən ibarətdir. Bu isə
o deməkdir ki, təhsil standartları, tədris planları və tədrisin
nəticələri 30 həftəyə hesablanıb. Eləcə də, nəzərdə tutulan
kompetensiyalar da 30 həftə ərzində formalaşdırılmalıdır. Reallıqda
isə vəziyyət fərqlidir. Yəni, tələbə nəzərdə tutulduğu
kimi, 30 həftə yox, daha az müddətdə təhsil alır.
Məsələn,
2025/2026-cı tədris ilində müxtəlif bayramlar və digər səbəblərdən
15 gün və yaxud 3 həftə qeyri-iş günü olmuşdur. Həmin 3 həftə
ərzində, təbii olaraq, dərs keçirilməmişdir. Başqa sözlə,
tələbə 30 həftə əvəzinə 27 həftə təhsil almışdır.
Bu zaman tədris planları və kompetensiyalar dəyişdirilmədən
qalmışdır. Deməli, 30 həftəlik tədris planı 27 həftə ərzində “yerinə yetirilir.” Başqa sözlə, 30 həftə ərzində
formalaşdırılmalı kompetensiyalar formalaşdırılmır və heç
formalaşdırıla da bilməz.

Nə etməli? Fikrimizcə, üç variant
mümkündür.

Birinci variant: Tədris planları və
kompetensiyalar 27 həftəlik real dərs ilinə uyğunlaşdırılır. Bu,
arzuolunan variant deyil.




İkinci variant: Tədris planları və
kompetensiyaları təmin etmək üçün tədris ili 30 həftə əvəzinə 30 İŞ
həftəsi kimi müəyyən edilir. Bu müzakirə edilə bilən
variantdır.

Üçüncü variant: Akademik-təqvim planını (tədris
ilinin başlanğıc və bitmə tarixlərini, dərs, imtahan, tətil və
digər akademik proseslərin vaxtlarını müəyyən edən planlaşdırma
sənədidir) universitetlər özləri müəyyən edir. Bu yanaşma
universitetlərin yeni, müasir, obyektiv və şəffaf akkreditasiya
sisteminin qurulmasını zəruri edir. Bu, doğru yanaşmadır və 4 illik
tədris ilinin müddətini heç bir itkisiz ən azı bir semestr
azaltmağa da imkan verər.

Prof. Ədalət Muradov,
UNEC-in rektoru