Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək – Beynəlxalq Valyuta Fondu

Baş səhifə

Bakı. Trend:

Süni intellektin (Sİ) dünya üzrə iş yerlərinə təsiri zaman
keçdikcə təxminən 40 faizə çatacaq.

Bu qiymətləndirməni Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı
direktoru Kristalina Georgiyeva verib. O, Banqkokda keçirilən BVF
və Dünya Bankının rəhbər orqanlarının payız sessiyasında çıxış
edib.

“Süni intellektin qlobal miqyasda iş yerlərinə təsiri zaman
keçdikcə təxminən 40 faiz təşkil edəcək: iş yerləri ya bu
texnologiyalarla tamamlanacaq, ya dəyərini itirəcək, ya da ləğv
ediləcək”, – deyə BVF rəhbəri bildirib.

O, bu prosesin ilk nəticələrinin artıq inkişaf etmiş
iqtisadiyyatlara malik ölkələrdə hiss olunduğunu qeyd edib.
Georgiyevanın sözlərinə görə, süni intellekt texnologiyalarının
inkişafı dünya əmək bazarını köklü şəkildə dəyişdirəcək “yavaş
irəliləyən sunami”dir.




İnkişaf etməkdə olan ölkələrdə süni intellektin təsirinə məruz
qala biləcək iş yerlərinin payı hələlik 23 faiz səviyyəsində
qiymətləndirilir.

“Bu da yalnız ona görədir ki, süni intellekt həmin ölkələrdə
hələ geniş yayılmayıb”, – deyə Georgiyeva vurğulayıb.

O bildirib ki, ABŞ-də aparılan araşdırma artıq iş yerlərinin 10
faizində süni intellektlə işləmək bacarıqlarının tələb olunduğunu
göstərir.