Keniyada 100-dən çox insan Ebola şübhəsi ilə karantinə yerləşdirilib

Baş səhifə

Bakı.Trend:

Keniyada Ebola virusuna ilk yoluxma halı aşkarlanandan sonra 108
nəfər karantinə alınıb.

Bu barədə “Daily Nation” qəzeti ölkənin səhiyyə naziri Eyden
Dualeyə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, hakimiyyət orqanları virusa yoluxmuş
şəxslə təmasda olan 122 nəfərin şəxsiyyətini müəyyənləşdirib.
Onlardan 108-i gündəlik tibbi nəzarət altında karantində
saxlanılır. Hələlik onların heç birində xəstəliyin simptomları
aşkarlanmayıb. Digər təmasda olan şəxslərin müəyyənləşdirilməsi
istiqamətində işlər davam etdirilir.




Nazir qeyd edib ki, ölkədə yeni Ebola virusuna yoluxma halları
qeydə alınmayıb. Mümkün yoluxma ilə bağlı daxil olan 289 məlumat
əsasında ümumilikdə 293 nümunə laborator müayinədən keçirilib.
Müsbət nəticə yalnız əvvəllər təsdiqlənmiş yoluxma halında qeydə
alınıb.

Keniyada Ebola virusuna ilk yoluxma halı oktyabrın 6-da
təsdiqlənib. Virusa yoluxan şəxs əvvəllər Konqo Demokratik
Respublikasında yaşamış Keniya vətəndaşı olub. O, oktyabrın 3-də
Uqanda vasitəsilə Nayrobiyə gəlib və iki gün sonra xəstəxanada
vəfat edib.