
Bakı. Trend:
Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi
ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər
müşahidə olunur.
Trend-in
məlumatına görə, martın 27-də səhər saatlarından başlayaraq Bakı
Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra qurumları və
digər kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət
göstərir.
Yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Mənzil Kommunal
Təsərrüfat Departamentinin tabeli idarələri, rayon birlikləri və
şəhərin digər təsərrüfat qurumları tərəfindən ərazidə sakinlərin
təxliyyəsi, yağış suları barmaqlıqlarının təmizlənməsi və digər
zəruri tədbirlər görülməkdədir. Bu işlər gün boyu davam
etdirilir.
Bundan əlavə, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil
Vəliyev də əraziyə baxış keçirərək, rayonun kommunal və təsərrüfat
qurumlarına yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə
bağlı müvafiq göstərişlər verib.
xxx
19:17
Martın 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra
Hakimiyyəti (BŞİH), paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin
digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində
çalışır.
Trend-in
məlumatına görə, bəzi ərazilərdə ikinci gündür aramsız yağan yağış
nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında
problemlər yaranıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti
başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış
keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün
aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq
qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının
aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər
görülür.

