
Bakı. Trend:
Sakit okeanda eyni vaxtda iki güclü qasırğa və bir tropik
fırtınanın müşahidə olunması nadir meteoroloji hadisəyə səbəb olub.
ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, Louell və
Karina qasırğaları qərbə doğru hərəkət edir, Mari tropik
fırtınasının isə yaxın saatlarda qasırğaya çevriləcəyi
gözlənilir.
Louell qasırğası ən yüksək – 5-ci kateqoriyaya çatıb, onun
ardınca 4-cü kateqoriyalı Karina qasırğası gəlir. Hər iki
qasırğanın Havay adalarının sahillərindən uzaq keçəcəyi
proqnozlaşdırılır. Bununla belə, Louellin yaratdığı güclü
dalğaların qarşıdakı günlərdə Havayın bəzi sahillərinə çatacağı və
təhlükəli şərait yarada biləcəyi bildirilir.
Meksika sahillərindən bir neçə yüz kilometr aralıda yerləşən
Mari tropik fırtınasının gün ərzində qasırğaya çevriləcəyi
gözlənilir.
Miçiqan Universitetinin klimatoloqu Culiya Kouls bildirib ki,
El-Ninyo nəticəsində okean sularının isinməsi isti sularla
qidalanan bu cür fırtınaların yaranması üçün əlverişli şərait
yaradır. Onun sözlərinə görə, eyni vaxtda üç fırtınanın müşahidə
olunması olduqca nadir hadisədir.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının məlumatına
görə, bu ilki El-Ninyo hadisəsinin indiyədək qeydə alınmış ən güclü
El-Ninyo olmaq ehtimalı 69 faizdir. Fenomenin noyabr ayında pik
həddə çatacağı gözlənilir.
El-Ninyo adətən iki ildən yeddi ilədək müddətdə bir dəfə baş
verir və Sakit okeanın qərbində isti suları saxlayan şərq
küləklərinin zəifləməsi nəticəsində yaranır. Bu zaman isti sular
səthə qalxaraq şərqə doğru hərəkət edir.
Alimlərin fikrincə, iqlim dəyişmələri El-Ninyonun təsirlərini
gücləndirir. Bununla belə, iqlim dəyişmələrinin El-Ninyo
fenomeninin özünü gücləndirib-gücləndirmədiyi ilə bağlı elmi
konsensus hələ formalaşmayıb.

