Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq
nəticəsində “MTV” televiziya kanalının efirində 22 oktyabr 2025-ci
il tarixdə saat 20.31-21.24 arası yayımlanan “Toya gəlmişik”
proqramının yayımı zamanı “Uşaqların zərərli informasiyadan
qorunması haqqında” Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması
faktı aşkar olunmuşdur.
Belə ki, həmin proqramın yayımı zamanı bölgələrin birində
keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi
nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin
12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi
bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın
bağlanmasına yol verilmir. Bu isə “Uşaqların zərərli informasiyadan
qorunması haqqında” Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə
institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında
dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına
məhdudiyyət qoyulur.
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu
halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya
xəbərdarlıq olunmuşdu. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün
yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin
davam edəcəyi bildirilmişdi.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra “MTV” kanalında yuxarıda qeyd olunan pozuntu halı baş vermişdir.
Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir
daha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində “MTV” kanalının aid olduğu “MUZ TV Azərbaycan” MMC-nin səlahiyyətli
nümayəndəsi Audiovizual Şuraya dəvət edilmiş, pozuntu faktına görə
inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə
göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü
maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min
manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin
tələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuş
sanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçün
redaksiya nəzarətini gücləndirməyə çağırır.

