Maliyyə Nazirliyində Böyük Britaniya nümayəndə heyəti ilə görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini
Anar Kərimov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Biznes və
Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirelin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər
verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi
və maliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək
perspektivləri, eləcə də cari ilin aprel ayında iki ölkə arasında
London şəhərində keçirilmiş Ticarət və İqtisadi Əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolunda
nəzərdə tutulan müddəaların icrası müzakirə edilib.

Görüş zamanı investisiyaların təşviqi, vergi və gömrük sahəsində
əməkdaşlıq, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə qabaqcıl
texnologiyaların tətbiqi, o cümlədən biznes dairələri arasında daha
sıx əlaqələrin qurulması imkanları diqqət mərkəzində olub.
Həmçinin, rəqəmsal transformasiya, maliyyə texnologiyaları və
peşəkar xidmətlər sahəsində təcrübə mübadiləsi məsələlərinə
toxunulub.




Anar Kərimov qeyd edib ki, iqtisadi modernləşdirmə və
şaxələndirmə Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri
sırasındadır və Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq ölkənin
yeni çağırışlara uyğunlaşmasına əlavə imkanlar yaradır.

Öz növbəsində, Aleksandr Tirel birgə layihələr və təşəbbüslərin
vacibliyini vurğulayaraq ikitərəfli münasibətlərin inkişafında
Hökumətlərarası Komissiyanın mühüm rolunu qeyd edib.

Görüşdə gələcək tərəfdaşlıq imkanları və qarşılıqlı maraq
doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.