Azərbaycan və İndoneziya arasında investisiya əlaqələrinin inkişafı müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

28 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət
Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İndoneziya
Respublikasının İnvestisiya və Emal Sənayesi üzrə nazir müavini
Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına
görə, görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi,
İndoneziyanın dövlət investisiya holdinqi “Danantara”, eləcə də
ölkənin digər investisiya qurumlarının nümayəndələri iştirak
ediblər.

Tərəflər Azərbaycan və İndoneziya arasında iqtisadi və
investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın
genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya
istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr
zamanı ARDNF-nin Asiya bazarlarında investisiya fəaliyyəti,
regionun aparıcı investisiya institutları ilə qurduğu
tərəfdaşlıqlar və bu əlaqələrin gələcək əməkdaşlıq üçün yaratdığı
imkanlar da nəzərdən keçirilib.




Bu çərçivədə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya
İnvestisiya Qurumu tərəfindən 2026-cı ilin aprelində yaradılmış
Çin-ASEAN İnvestisiya Platformasına da toxunulub. Platforma
tərəflər arasında artıq formalaşmış institusional əməkdaşlığın
konkret nümunələrindən biri olmaqla, Cənub-Şərqi Asiyanın yüksək
artım potensialına malik bazarlarında özəl kapital investisiyaları
və uzunmüddətli tərəfdaşlıq imkanları üçün əlavə imkanlar
yaradır.

Görüşdə, həmçinin infrastruktur, texnologiya və rəqəmsal
iqtisadiyyat daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq
perspektivləri müzakirə edilib. Tərəflər institusional dialoqun
davam etdirilməsinin və qarşılıqlı maraq doğuran investisiya
mövzuları üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin
əhəmiyyətini vurğulayıblar.