Delsi Rodriqes İngiltərə Bankından Venesuelanın qızıl ehtiyatlarını qaytarmağı tələb edib

Baş səhifə

Bakı. Trend:

Venesuelanın səlahiyyətlərini icra edən prezidenti Delsi
Rodriqes İngiltərə Bankından Bolivar Respublikasının qızıl
ehtiyatlarını qaytarmağı tələb edib.

“İngiltərə Bankından qızılımızın qaytarılmasını tələb etməkdən
imtina etməyəcəyəm. Bəhanələr axtarmağa son qoyun. Milli Assambleya
(Venesuela parlamenti – TASS-ın qeydi) ilə 2015-ci il çağırışlı
müxalif Milli Assambleya arasında razılaşma əldə olunub. Həmin
razılaşmada Venesuelanın siyasi qüvvələri qızılın ölkəmizə
qaytarılmasını tələb edirlər”, – deyə Rodriqes Nazirlər Şurasının
iclasında bildirib. İclanın canlı yayımını Venezolana de Televisión
telekanalı yayımlayıb.

Səlahiyyətlərini icra edən prezident Xarici İşlər Nazirliyinə və
Baş Prokurorluğa qızıl ehtiyatlarının qaytarılması istiqamətində
tədbirlərə başlamaq tapşırığı verib. O vurğulayıb ki, İngiltərə
Bankında saxlanılan qızıl Venesuela xalqına məxsusdur və ölkəyə
qaytarılmalıdır.




İngiltərə Bankının anbarlarında Venesuelaya məxsus 31 ton qızıl
saxlanılır. Onun təxmini dəyəri 4,8 milyard dollar təşkil edir.
Qızıl ehtiyatları ətrafında mübahisə 2018–2019-cu illərdə, Böyük
Britaniya, ABŞ və bir sıra digər dövlətlərin Nikolas Maduronu
Venesuelanın qanuni prezidenti kimi tanımaqdan imtina etməsi ilə
başlayıb.

Bolivar Respublikasında daxili siyasi dəyişikliklər baş
verməsinə və dövlət başçısının səlahiyyətlərinin Delsi Rodriqesə
keçməsinə baxmayaraq, Böyük Britaniya ölkənin yeni rəhbərliyini
tanımır və Venesuelaya qarşı tətbiq edilmiş sanksiyaları da əsas
gətirərək qızıl ehtiyatlarını qaytarmaqdan imtina edir.