“Media Kuboku-2026″ minifutbol turniri başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında
minifutbol turniri təşkil olunub. Turnir “Avrora Qrup”un baş
sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin
təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.

İki gün davam edən yarışda paytaxt və regionlarda fəaliyyət
göstərən media qurumlarının nümayəndələri iştirak ediblər.
Komandalar Azərbaycan milli mətbuatının tarixində mühüm yer tutan “Əkinçi”, “Ziya”, “Həyat” və “Tərəqqi” nəşrlərinin adlarını
daşıyıblar.

Turnirin 3-cü yer uğrunda görüşündə televiziya əməkdaşlarından
ibarət “Həyat” komandası informasiya agentliklərinin
jurnalistlərindən formalaşan “Ziya” kollektivi ilə qarşılaşıb.
Görüş “Həyat” komandasının 7:1 hesablı qələbəsi ilə başa çatıb.




Final oyununda isə idman jurnalistlərindən ibarət “Tərəqqi”
komandası ictimai-siyasi media nümayəndələrindən formalaşan “Əkinçi” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi
şəraitində keçən oyunda “Tərəqqi” komandası 2:0 hesabı ilə qalib
gələrək çempion olub.

Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində “Tərəqqi”, “Əkinçi” və “Həyat” komandaları müvafiq olaraq qızıl,
gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara
fəxri fərmanlar təqdim edilib. Turnirin ən yaxşı qapıçısı “Ziya”
komandasının üzvü Samir Güləliyev, ən yaxşı oyunçusu isə “Tərəqqi”nin kapitanı Murad Şirinov seçilərək xüsusi mükafatla
təltif olunublar.

Mərasim zamanı şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və
baş sponsor “Avrora Qrup”un hədiyyələri təqdim edilib. Eyni
zamanda, turnirə ardıcıl beş ildir göstərdiyi dəstəyə görə “Avrora
Qrup”a “Etibarlı Tərəfdaş” plaketi verilib.