Londonda Gülnarə Cəfərin “Yeddi gözəl” sərgisi baş tutub (FOTO)

Baş səhifə

Bakı. Trend:

İngiltərədə yaşayan azərbaycanlı rəssam Gülnarə Cəfərin
Londondakı Müqəddəs Endryu Kilsəsində (St. Andrew`s Church) “Yeddi
gözəl” (“Seven Beauties”) adlı sərgisi sənətsevərlərin ixtiyarına
təqdim olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.

Bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi
gözəl” poemasından ilhamlanaraq hazırlanan sərgi rəssamın mövzuya
özünəməxsus müasir baxışını və yaradıcılığının mühüm
mərhələlərindən birini əks etdirir.

Gülnarə Cəfərin yaratdığı unikal əsərlərdə XII əsr klassik irsi
rəng, forma və duyğuların harmoniyasında yenidən canlandırılıb.
Rəssamın hər bir kompozisiyası “Yeddi gözəl”in simvolik qatlarını –
gözəlliyi, müdrikliyi və insanın mənəvi zənginliyini – fərdi sənət
dili ilə ifadə edir.




Gülnarə Cəfərin bu mövzuya xüsusi bağlılığı onun şəxsi həyat
hekayəsi ilə də sıx əlaqəlidir. Rəssamın 17 yaşında yaratdığı
“Yeddi Gözəl” tablosu ötən əsrin 80-ci illərində Gəncədə mozaik
pannoya çevrilib və bu günə qədər şəhərin simvolik sənət
nümunələrindən biri kimi qalıb. Təxminən səkkiz il əvvəl
Azərbaycanı yenidən ziyarət edərkən həmin mozaikanı təkrar görən
rəssam bundan ilhamlanaraq hər bir gözəlin ayrıca rəsmini
çəkib.

Sərgi səmimi və ruhlandırıcı atmosferi ilə yadda qalıb.
Sənətsevərlər, yaradıcı şəxslər və qonaqlar eksponatlarla yaxından
tanış olub, fikir mübadiləsi aparıblar. Tədbir həm yeni əlaqələrin
qurulması, həm də Azərbaycan incəsənətinin Londonda geniş
auditoriyaya çatdırılması baxımından mühüm platforma rolu
oynayıb.

Rəssam sərgiyə qatılan bütün qonaqlara təşəkkür edib,
Azərbaycanın mədəni irsinin Londonda yüksək səviyyədə təqdim
olunmasından qürur duyduğunu bildirib.

“Seven Beauties” sərgisi Azərbaycan incəsənətinin zənginliyinin,
Nizami Gəncəvi irsinin dərinliyinin və çağdaş azərbaycanlı
rəssamların beynəlxalq arenadakı uğurlarının növbəti parlaq
nümunəsi kimi dəyərləndirilib.