Bakı. Trend:
Fransada prezidentliyə namizəd, “Milli Birlik” partiyasının
parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci ildə prezident
seçiləcəyi təqdirdə partiyanın lideri Jordan Bardellanı
respublikanın baş naziri təyin etmək niyyətindədir. O, bu barədə
LCI telekanalının efirində bildirib.
“Bardella baş nazir olacaq, onun vəzifəsi parlament çoxluğunu
genişləndirmək olacaq”, – deyə Le Pen bildirib.
Siyasətçinin sözlərinə görə, “onun Bardella ilə tandemi
Fransanın siyasi modeli üçün müstəsnadır”. O, onların arasında
fikir ayrılıqlarının olması barədə iddiaları həqiqətə uyğun olmayan
məlumatlar adlandırıb. “Biz birlikdə işləyirik və bir-birimizi
yaxşı başa düşürük”, – deyə Le Pen vurğulayıb.
Fransada prezident seçkilərinin birinci turunun 18 aprel 2027-ci
ildə keçirilməsi planlaşdırılır. Əgər həmin gün dövlət başçısı
postuna namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu
toplamazsa, seçicilərin ən çox dəstəyini qazanan iki namizəd mayın
2-də keçiriləcək ikinci turda iştirak edəcək.
İctimai rəy sorğularına əsasən, birinci turda seçicilərin
təxminən 36 faizi Le Peni dəstəkləməyə hazırdır ki, bu da onun
həlledici ikinci tura çıxmasını təmin edəcək.

