Tramp Zəfər tağını hərbi kompleksə çevirəcək

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda inşası planlaşdırılan Zəfər tağının hərbi kompleks kimi istifadə ediləcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp qərarın ABŞ Silahlı Qüvvələrinin təkidli müraciəti və milli təhlükəsizlik məqsədilə qəbul olunduğunu bildirib.

Onun sözlərinə görə, kompleksdə çoxlu sayda pilotsuz uçuş aparatı yerləşdiriləcək və saxlanılacaq. Zərurət yaranacağı təqdirdə dronların operativ şəkildə istifadəsi də təmin ediləcək.

“Tağın damında və meydan hissəsində snayperlər yerləşdiriləcək, böyük həcmdə snayper sursatı saxlanılacaq”, – Tramp qeyd edib.

ABŞ Prezidenti dünyada buna bənzər başqa bir obyektin olmayacağını deyib:

“Dünyanın 59 ən böyük şəhəri və paytaxtı arasında Vaşinqton Zəfər tağı olmayan yeganə şəhərdir. İndi isə belə bir tağımız olacaq və o, şübhəsiz ki, hamısından möhtəşəm olacaq”.

Hündürlüyünün 76 metr olması planlaşdırılan tağ Linkoln Memorialı ilə Arlinqton Milli Qəbiristanlığı arasındakı Memorial dairəsində tikiləcək. Layihə ABŞ-nin müstəqilliyinin 250-ci ildönümünə həsr olunub.