
Bakı. Trend:
Noyabrın 29-da Laçın şəhərində “MDB ölkələrində müasir kino
istehsalının inkişafı” mövzusunda dəyirmi masa təşkil olunub.
Trend xəbər verir ki, bu
barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Prodüser, aktyor Azər Aydəmirin moderatorluğu ilə reallaşan
tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimiz
tərəfindən rayonda həyata keçirilən infrastruktur layihələrindən
danışıb.
Qeyd edib ki, Laçında mədəni quruculuğa xüsusi diqqət yetirilir.
Şəhərdə yaradılan ilk mədəniyyət təsisatlarından biri də “Hoçazfilm” studiyasıdır. O Laçının kino çəkilişləri üçün maraqlı
məkanlardan olduğunu da bildirib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki,
mədəniyyət xalqları birləşdirən mənəvi körpüdür. Kino sənəti isə
xalqın tarixi, mədəni kimliyi və dünyagörüşünü əks etdirən ən güclü
bədii vasitələrdən biridir.
Bildirilib ki, Azərbaycan dövləti kinematoqrafiyanın inkişafını
strateji prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə son
illərdə mühüm institusional addımlar atılıb, yeni maliyyə
mexanizmləri formalaşdırılıb, yaradıcı mühitin beynəlxalq
inteqrasiyası gücləndirilib. Mədəniyyət Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA)
son üç ildə dövlət sifarişi ilə 70-dən çox film layihəsinin
istehsalına maliyyə dəstəyi göstərib. Bu layihələrdən 50-dən çoxu
artıq tamaşaçılara təqdim olunub”, – deyə nazir müavini əlavə
edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasında tətbiq edilən film
istehsalı xərclərinin qismən geri ödənilməsi (rebate) mexanizmi
ölkəmizdə film çəkilişləri üçün əlverişli şərait yaradıb və
beynəlxalq prodüserlər üçün Azərbaycanı daha cəlbedici kino
məkanına çevirib: “Azərbaycan tərəfi MDB məkanında kino sahəsində
birgə fəaliyyətin daha da genişləndirilməsini vacib hesab edir. Bu
istiqamətdə koproduksiya layihələrinin həyata keçirilməsi, ortaq
ssenari laboratoriyalarının təşkili, gənc kinematoqraflar arasında
təcrübə mübadiləsinin aparılması və regional film forumlarının
keçirilməsi üçün yeni təşəbbüslər irəli sürürük. Bu əməkdaşlıq
çərçivəsində hazırda “Molla Nəsrəddin, çətin günlərimin dostu” kimi
birgə istehsal layihələri xalqlarımız arasında ortaq mədəni irsi və
mənəvi yaxınlığı kino dili ilə ifadəsinə xidmət edir”.
Daha sonra MDB Ölkələrinin Humanitar Əməkdaşlıq üzrə
Dövlətlərarası Fondunun icraçı direktoru Tair İksanov, Azərbaycan
Milli Məclisinin deputatı Rövşən Muradov, ARKA-nın baş direktorunun
müavini Qurban Pirimov, “Hocazfilm” studiyasının direktoru Amil
Məmibəyli, Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyev,
Belarus nümayəndəsi Semaşko Svetlana, “Qırğızfilm” studiyasının
aparıcı mütəxəssisi Rəbiyyə Mirlanova, “Roskino” ASC-nin baş
direktorunun müşaviri Svirina Yekaterina, “Tacikfilm”in nümayəndəsi
Akmal Abdullozoda, Özbəkistan Kinematoqrafiya Agentliyinin əməkdaşı
Mannob Kuçkarov və başqaları çıxış ediblər.
MDB ölkələri arasında kino sahəsində əməkdaşlığın
perpektivlərindən söz açılıb, birgə layihələrin əhəmiyyəti
vurğulanıb.

