Bakı. Trend:
İtaliya polisi axtarış zamanı təxminən 200 kiloqram kokain aşkar
edilən bir şəxsi saxlayıb.
Trend-in “BS News”
nəşrinə istinadən verdiyi məlumata görə, ələ keçirilən narkotik
vasitələrin bazar dəyəri təxminən 16 milyon avrodur.
Şübhəli şəxs küçədə bel çantası ilə ehtiyatla hərəkət etdiyi
üçün polis tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərində izah
edə bilmədiyi külli miqdarda nağd pul tapılıb.
Araşdırma nəticəsində həmin şəxsin işsiz və alban əsilli olduğu
müəyyən edilib. Onun evində aparılan əməliyyat zamanı 8 çantada 191
bağlama kokain, 30 min avro nağd pul və döyüş sursatı olan tapança
aşkar edilərək müsadirə olunub.
İstintaqın ilkin versiyasına görə, kokain Romada satış üçün
nəzərdə tutulub və əldə olunan gəlirin mütəşəkkil cinayətkarlığın
maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılırmış.
Ümumilikdə müxtəlif loqolarla işarələnmiş təxminən 8000 doza
narkotik vasitə ələ keçirilib.

