
Daşkənd. Trend:
Daşkənddə Böyük İpək Yolu regionunda maliyyə texnologiyalarının
inkişafı, rəqəmsal transformasiya və kapital bazarlarının
inteqrasiyasının aktual məsələlərinə həsr olunmuş İpək Yolu Maliyyə
və Texnologiya Forumu (Silk Road Finance & Technology Forum) işə
başlayıb.
Trend-in xüsusi
müxbirinin verdiyi məlumata görə, tədbirdə Mərkəzi Asiya, Qafqaz,
Yaxın Şərq və Şərqi Avropa ölkələrinin mərkəzi banklarının
rəhbərləri, aidiyyəti nazirlik və qurumların nümayəndələri,
həmçinin qlobal fintech sektorunun əsas oyunçuları və aparıcı
beynəlxalq ekspertlər iştirak edirlər.
İştirakçılar arasında regionun ən iri banklarının rəhbərləri,
beynəlxalq ödəniş sistemlərinin top-menecerləri, vençur fondlarının
rəhbərləri, həmçinin Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya
Bankının nümayəndələri var.
Bundan əlavə, forumda bankçılıq üçün süni intellekt sahəsində
innovativ həllər hazırlayan şirkətlərin nümayəndələri,
kibertəhlükəsizlik üzrə mütəxəssislər, investorlar və startap
ekosisteminin nümayəndələri iştirak edirlər.
Forum iştirakçıları bank sektorunun rəqəmsallaşdırılmasının
sürətləndirilməsi, milli rəqəmsal valyutaların (CBDC) tətbiqi,
transsərhəd ödəniş sistemlərinin inkişafı və kiçik və orta biznes
üçün maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi məsələlərini
müzakirə edirlər.
Rəqəmsal aktivlərin tənzimlənməsi üzrə vahid standartların
hazırlanmasına, həmçinin kibertəhlükəsizlik və məlumatların
qorunması sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xüsusi
diqqət yetirilir.
Bundan əlavə, regionun texnologiya sektoruna birbaşa xarici
investisiyaların cəlb edilməsi, fintech startapları üçün əlverişli
tənzimləyici “sandbox”ların yaradılması, habelə IT və maliyyə
sahəsində kadr hazırlığı üzrə birgə təşəbbüslər iştirakçıların
diqqət mərkəzindədir.
Xəbər yenilənəcək

