
Bakı. Trend:
Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normaları
məlum olub.
Trend-in
məlumatına görə, yeni normalarda ictimai nəqliyyat vasitələrinə
dair tələblər də yer alıb.
Belə ki, yeni layihələndirilən vağzallar ictimai nəqliyyatla
təmin olunmuş, nəqliyyat magistrallarının bilavasitə yaxınlığında
yerləşən və ya əvvəlcədən mövcud nəqliyyat-qovşaq məntəqələri olan
ərazidə yerləşdirilməlidir.
Layihə tapşırığına əsasən vağzalətrafı meydanda əlavə olaraq
sərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyat vasitəsinin
dayanacaq məntəqələri zonası və ictimai nəqliyyatın dayanacağı
təmin edilməlidir.
İctimai nəqliyyat kassaları, məlumat və turizm ofisləri
nəqliyyat mübadilə mərkəzinin əsas piyada marşrutunda
yerləşdirilməlidir. Ticarət və xidmət obyektləri yerləşdirilərkən
yüklərin verilməsi üçün pəncərələrin qarşısında eni 0,8-1,0 m olan
əlavə bufer zonası nəzərdə tutulmalıdır.
İctimai nəqliyyat sərnişinlərinin gözləməsi üçün duracaqda
sərnişin axınının pik anında bir sərnişinə düşən hesablama sahəsi
0,5 kvadratmetr nəzərdə tutulmalıdır.
Vağzalətrafı meydanlarda yerləşən yollarda xüsusi xidmət
avtomobilləri üçün ayrılmış zolaqlar və ya keçidlər nəzərdə
tutulmalıdır. Sərnişinlərin minib-düşməsi üçün ictimai nəqliyyat
vasitələrinin həmin zolaqlardan istifadəsi imkanları
yaradılmalıdır.
Nəqliyyatın təhlükəsizliyi zonasında bir neçə nəzarət-yoxlama
zonası quraşdırılarkən piyada keçidlərinin, ictimai nəqliyyatın,
şəxsi nəqliyyat vasitələrinin dayanacaq və duracaq yerləri nəzərə
alınmaqla sərnişin axını hər bir keçid məntəqəsi üçün ayrıca
hesablanmalıdır.
Hər bir keçid məntəqəsinin buraxılış qabiliyyəti vağzal
kompleksinin inkişafının beşillik perspektivində sərnişin axınının
artımı nəzərə alınmaqla hesablanmalıdır.

