
Bakı. Trend:
Oktyabrın 2-də FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclası
keçirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və
Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan
ibarət milli komandalar arasında dünya çempionatının final
mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Trend xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, bu tarixi nailiyyət Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının
Prezidenti cənab Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o
cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin
nəticəsidir.
Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə,
xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya
minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən
U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan
ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin
yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə
Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının
final mərhələsində iştirak edəcək.
İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub.
Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa,
Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və
Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.
Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan
U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı
futbolçular kəşf ediblər. Hazırda Çilidə keçirilən 24-cü dünya
çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə
Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması
olub.

