Audiovizual Şurada “Dövlət qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət” mövzusunda seminar keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət
Planı”na uyğun olaraq 25 dekabr 2025-ci il tarixində Azərbaycan
Respublikası Audiovizual Şurası aparatının əməkdaşları üçün “Dövlət
qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət”
mövzusunda seminar təşkil olunub.

Trend xəbər verir ki, bu
barədə Audiovizual Şura məlumat yayıb.




Seminarı açan Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov
bildirmişdir ki, dövlət qulluqçusu olmaq yalnız peşə deyil, eyni
zamanda böyük ictimai etimad və məsuliyyət deməkdir. Vətəndaşların
dövlətə olan inamı birbaşa dövlət qulluqçusunun davranışından,
qərarlarından və qanuna münasibətindən asılıdır. Bu baxımdan
korrupsiyaya qarşı mübarizə, etik davranış qaydalarına riayət və
hüquqi məsuliyyət məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş
məsləhətçisi Ayxan Sadıqlı mövzu üzrə geniş təqdimat vermişdir. O, “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanunlarında təsbit olunmuş normalar
haqqında geniş məlumat vermiş, dövlət qulluqçuları tərəfindən etik
normalara riayət edilməsinin vacibliyini nəzərə çatdırmışdır.
Həmçinin, bu tələblərə riayət edilməməsinin intizam, inzibati və
cinayət məsuliyyəti yaratdığı barədə məlumat verilib. Seminarda
maraqların toqquşması, korrupsiya hüquqpozmaları, korrupsiyaya
şərait yaradan hüquqpozmalar və dövlət qulluqçularından gözlənilən
etik davranış qaydaları praktiki nümunələr əsasında izah
edilib.