Bakı. Trend:
ABŞ, Türkiyə, Qətər və Misir Qəzzada əldə edilən sülh
razılaşmasını alqışlayıb və onu qoruyub saxlamaq üçün birlikdə
çalışacaqlarına söz veriblər.
Trend xəbər verir
ki, bu barədə oktyabrın 13-də Ağ Evin saytında dərc olunan
ölkələrin birgə bəyannaməsində qeyd olunub.
Sənəddə deyilir: “Biz Qəzza zolağında hərtərəfli və davamlı sülh
sazişi istiqamətində əldə edilən irəliləyişi, eləcə də İsrailin
regiondakı qonşuları ilə dostluq və qarşılıqlı faydalı
münasibətləri alqışlayırıq. Biz bu mirasın həyata keçirilməsi və
qorunub saxlanılması, gələcək nəsillərin sülh şəraitində inkişaf
edə biləcəyi institusional əsasların qurulması üçün kollektiv
şəkildə işləməyə öhdəliyik”.
Bəyannamədə həmçinin vurğulanır ki, Yaxın Şərq irqindən,
dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün
sülh, təhlükəsizlik və iqtisadi tərəqqi mühitinə malik olmalıdır.
Sənəddə qeyd olunur: “Biz qarşılıqlı hörmət və ümumi tale
prinsiplərinə əsaslanan regionda sülh, təhlükəsizlik və ümumi
rifahın hərtərəfli baxışına sadiqik”.

