
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu gün Kiyevdə keçiriləcək təmaslar zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin həlli yolları ilə bağlı səsləndirdiyi fikirlərdən istifadə edəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kremlin danışıqlarının yekunları ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Putin, Uitkoff və Kuşner arasında keçirilən görüş məzmunlu, konstruktiv, son dərəcə açıq və etimad şəraitində baş tutub. Görüş ümumilikdə 3 saat 10 dəqiqə davam edib. Danışıqlar həm iş masası arxasında, həm də nahar zamanı qeyri-rəsmi şəraitdə aparılıb.
Uşakov qeyd edib ki, ABŞ nümayəndələri Moskvaya səfərə ciddi şəkildə hazırlaşıblar və Ukraynadakı münaqişənin mümkün həlli yolları ilə bağlı bir sıra təkliflər səsləndiriblər. Putin isə münaqişənin siyasi və diplomatik yollarla həlli istiqamətində ABŞ tərəfi ilə birgə işi davam etdirmək niyyətini təsdiqləyib.
Bildirilib ki, danışıqlar zamanı yalnız Ukrayna məsələsi müzakirə edilməyib. Tərəflər Rusiya və ABŞ arasında həyata keçirilə biləcək iri layihələr barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu, ABŞ nümayəndələrinin Rusiyaya artıq səkkizinci səfəridir.

