Alimlər ikinci dəfə süni mayalanma ilə uşaq dünyaya gətirmək istəyirlər

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

İlk növbədə bildirmək istəyirəm ki, mənim heç bir dinlə (istər islam, istər iudaizm, ya da xristian və s.) heç bir mədəniyyətlə mübarizəm, davam yoxdur. Mənim mübarizəm cahillik, savadsızlıq və elmdən uzaq olub, insanları Tanrı, Allah, Quran, məscid, kilsə, “müqəddəs ata”, “imam” və s. üzərindən manipulyasiya edənlərlədir.  

Manipulyasiyaya məruz qalmamaq, aldadılmamaq, “hədis” adı ilə sırıdılan axmaq fikirlərin qurbanı olmamaq üçün oxumaq, öyrənmək lazımdır. 

Təsadüfi deyil ki, Quranda belə deyilir ki, “OXU”! Bu kitabın səmavi olub-olmaması haqqında müzakirə etmirəm. Sadəcə onu deyirəm ki, elm adamın gözünü açır. 

İstənilən adam yağışın yağmasında İlahi qüvvənin iradəsini qəbul edib, etməyə bilər. Amma və lakin yağışın yağmasının elmi səbəbi var. Su dövranı deyilən bir proses var. Yer kürəsi mövcud olandan bu sistem işləyir. 

II sinfin dərsliyində belə bu barədə məlumat var. 

Təbiətdə su maye halından başqa, buxar və buz halında da olur. Su bir haldan başqa hala keçərək həmişə hərəkət edir. 

Su daim Günəşin istisi ilə buxarlanıb havaya qalxır və bulud əmələ gətirir. Buludlar isə yağıntıya – yağışa, qara, doluya çevrilir və su yenidən yerə qayıdır. Buna təbiətdə suyun dövranı deyilir. 

Yəni Allaha inanmaqla yanaşı, suyun dövr etməsini və ya digər təbiət hadisələrinin necə işlədiyini bilmək əla bir şeydir. 

Heç nə yox, elə İbn Sinanı yada salmaq kifayətdir. Orta əsr İslam dünyasının ən məşhur və nüfuzlu filosof-alimi olaraq Allaha və İslam dininə hədsiz bağlı olub. Lakin bu bağlılıq onu elm öyrənərək, düşünərək, filosof olmasına mane olmayıb. 

Onun ən məşhur əsərləri fəlsəfi və elmi ensiklopediya olan “Şəfa kitabı” və bir çox orta əsr universitetlərində standart tibbi dərsliyə çevrilən və 1650-ci ilə qədər istifadə olunan “Tibb ensiklopediyası”dır. Bu baş verənlər Məhəmməd peyğəmbərin yaşadığı dövrdən 100 il sonranı əks edir. 

O zaman niyə üstündən min il keçdikdən sonra peyğəmbərin ümməti və xüsusən də bizim camaat kitab oxuyub, elmə yiyələnməkdənsə “mollaya” qulaq asmağı daha üstün tutur? İnsanımız oxumur deyə “əbalı dələduzlar”, qəbiristanlıqda “mollalıq” edənlər başlarına hər bir hoqqanı açırlar.

“Dua” yazıb qızınızı ərə verir, oğlunuzu boşatdırır. “Ruzi” artırır, cadunu “məhv” edir, elətdirənin yaxasına yapışdırır, “qurd yağı” sürtür, hələ bir “güllədəyməz” də düzəldir. 

Bu boyda misal-məsələ gətirməyimin isə çox sadə səbəbi var. 

Elə bir neçə gün əvvəl dünyanın mötəbər nəşri “The Guardian” məlumat paylaşdı ki, alimlər insanın kök hüceyrələrindən süni embrion yaradıblar. Bu embrionun tərkibində nə insan yumurtası, nə də spermatozoid var. 

Bu təcrübəni keçirən alimlər iddia edir ki, bu kəşf genetik xəstəlikləri və sonsuzluğun səbəblərini öyrənməyə imkan verəcək. 

Kembric Universiteti və Kaliforniya Texnologiya İnstitutunun professoru Maqdalena Zerniçka-Qotz Bostonda keçirilən Beynəlxalq Kök Hüceyrə Tədqiqatları Cəmiyyətinin illik toplantısında çıxışı zamanı bildirib ki, “Hüceyrələrin yenidən proqramlaşdırılması ilə insan embrionuna bənzər modellər yarada bilərik”.

Bu günə qədər elmi laboratoriyalarda minlərlə təcrübələr keçirilir. Hansısa ictimaiyyətə açıq məlumatda olur, hansısa gizli. 

Gizlilər haqqında isə ancaq iddialarımız ola bilər. Amma məsələ bunda deyil. Məsələ bundadır ki, bu xəbər sosial şəbəkələrdə yayılar yayılmaz insanımız elmi, biliyi, kəşfi ibtidai insan kimi daş-qalaq etməyə başladı. 

Orta əsrin kilsə keşişləri kimi, az qala bu alimləri də tonqalda yandırmağın məqsədəuyğun olmasını dedilər. Çünki alimlər Allahın “işinə” qarışırmış. 

Uzun-uzadı əks arqumentlər yazmadan bir şey demək istəyirəm, o zaman niyə xəstələnəndə, doğanda, yıxılıb ayağınızı qıranda həkimə gedirsiniz? 

Axı bu bir zamanlar yasaq olunan elmin əldə etdiyi inkişafdır. Rentgen aparatıdır, müxtəlif farmakoloji vasitələrdir, ağrıkəsici və s. 

Elə dizinizi vurun yerə Allaha dua edin ki, arvadınız sağlam uşaq doğsun, niyə az qala hər ay USM-ə gedirsiniz? Niyə müxtəlif analizləri verirsiniz? Sonun da niyə doğmağa xəstəxanaya gedirsiniz? Evdə etmək olar da bunları? Deyilmi? 

Deməli özünüz də kütlə olaraq riyakarsınız.

Ona görə də cübbəli dələduzlar hədis danışanda ki “İmamlar ana bətnində deyil, qadının budunda əmələ gəlir və oradan da dünyaya gəlir” beş dəsmal çıxarıb ağlayırsınız.  Üz-gözünüzü cırıb axırıncı pulunuzu “molla”nın cibinə basırsınız ki, Allahdan bizə övlad istə. Kitabı açıq oxumadığınıza görə hədis adı ilə sizə sırıdıqları bütün çirkabı bəh-bəhlə yeyirsiniz. 

Savadsız, küt, elm və bilikdən uzaq olduğunuz üçün də Siyavuş Novruzov deyir ki, süni mayalanma ilə uşaq dünyaya gətirməzlər! 

Amma savadlı olsanız, bilərdiniz ki, valideyn olmaq sizin ən təməl haqqınızdır. Bunun üçün də nə “molla”dan, nə də deputatdan icazə almalısınız.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir