
Bakı. Trend:
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Yaxın Şərqdən neft
tədarükündə davam edən fasilələr, neft infrastrukturuna hücumlar və
qlobal ehtiyatların azalması fonunda 2026-cı ilin dördüncü rübü
üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu
artırıb.
EIA-nın oktyabr ayında dərc etdiyi “Short-Term Energy Outlook”
(STEO) hesabatına əsasən, administrasiya 2026-cı ilin IV rübündə “Brent” markalı neftin orta spot qiymətinin bir barel üçün 105
dollar təşkil edəcəyini gözləyir ki, bu da bir ay əvvəl açıqlanan
proqnozdan 14 dollar çoxdur.
“Yaxın Şərqdə neft hasilatının və tədarükünün artacağını
gözləsək də, ötən ayla müqayisədə qlobal neft qiyməti ilə bağlı
proqnozumuzu artırmışıq”, – deyə EIA-nın hesabatında
bildirilib.
Qurumun qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanında “East-West” neft kəmərinə hücumlar qlobal ehtiyatların azalmasının
davam etdiyi bir şəraitdə neftin fiziki axınlarının və
qiymətlərinin dəyişkənliyi riskinin hələ də mövcud olduğunu
göstərir.
EIA analitiklərinin qeyd etdiklərinə görə, dizel yanacağı
bazarında son dərəcə gərgin vəziyyət neft emalı zavodlarının dizelə
olan tələbatı ödəmək üçün neftə tələbatını artırır ki, bu da neftin
qiymətlərini yüksəldir.
“Brent” markalı neftin qiyməti sentyabrda 114 dollara
çatıb
“Brent” markalı neftin orta spot qiyməti sentyabrda bir barel
üçün 114 dollara yüksəlib ki, bu da avqust ayı ilə müqayisədə 23
dollar artım deməkdir. EIA artımı Yaxın Şərqdə neft
infrastrukturuna və tankerlərə hücumların artması ilə
əlaqələndirir.
Səudiyyə Ərəbistanının “East-West” neft kəmərinə hücumlar xüsusi
təsir göstərib. Bu hücumlar Hörmüz boğazından yan keçən əsas
alternativ marşrutlardan biri ilə daşımaları müvəqqəti
dayandırıb.
EIA-nın qiymətləndirməsinə görə, hücumlardan əvvəl bu neft
kəməri vasitəsilə Qırmızı dənizdə yerləşən Yanbu limanı üzərindən
ixrac üçün sutkada 5 milyon bareldən çox neft daşınırdı.
“Hesabatda bildirilib ki, neft kəmərinin fəaliyyətində yaranan
fasilələr sentyabrın 15-də “Brent” markalı neftin gündəlik
qiymətinin bir barel üçün 131 dollara çatmasına səbəb olub.
Alıcılar Səudiyyə Ərəbistanından ixracın azalmasından sonra
qısamüddətli tədarükü təmin etməyə çalışıblar. Bununla yanaşı,
sentyabrın son həftəsində neft kəmərinin bərpasından sonra
qiymətlər bir qədər azalıb. Sentyabrın 22-dən etibarən onun
fəaliyyəti qismən bərpa edilib”, – deyə hesabatda qeyd olunub.
Qırmızı dəniz üzərindən ixracın bir hissəsinin azalması
tədarükün Hörmüz boğazı vasitəsilə yönləndirilməsi hesabına
kompensasiya edilib. “Vortexa”nın məlumatına görə, sentyabrda
Hörmüz boğazından neft daşımalarının həcmi bir qədər artıb, çünki
Səudiyyə Ərəbistanı Oman sahillərində neftin bir gəmidən digərinə
köçürülməsindən daha fəal istifadə edib.
Hasilatla bağlı fasilələr azalır
Hücumların sayının artmasına baxmayaraq, EIA hesab edir ki,
sentyabrda Yaxın Şərqdən neft ixracı avqust ayı ilə müqayisədə
artıb, dayandırılmış hasilatın həcmi isə azalıb.
“Hesab edirik ki, sentyabrda xam neftin dayandırılmış
hasilatının orta həcmi sutkada 4,8 milyon barel təşkil edib. Bu
göstərici avqustda sutkada 5,8 milyon barel, may ayında isə pik
həddə çatdığı zaman sutkada 10,9 milyon barel olub”, – deyə
hesabatda bildirilib.
EIA 2026-cı ilin IV rübündə Yaxın Şərqdən neft axınlarına tətbiq
olunan məhdudiyyətlərin davam edəcəyini gözləyir. Proqnoza əsasən,
dayandırılmış hasilatın orta həcmi sutkada 4,5 milyon barel təşkil
edəcək.
Tankerlər üzrə yüksək tariflər qiymətlərə təzyiqi
artırır
EIA həmçinin regiondan keçən tankerlər üçün risklərin artmasını
qeyd edib. Bu, daşınma və sığorta xərclərinin artmasına, həmçinin
neft qiymətlərində nəzərə alınan risk əlavəsinin yüksəlməsinə səbəb
olub.
“Sentyabr ayında rekord səviyyələrə çatan tankerlər üzrə yüksək
tariflər sığorta xərclərinin artmasını əks etdirir və neft emalı
müəssisələrinə çatdırılan neftin qiymətinə əlavə artım təzyiqi
göstərir”, – deyə EIA qeyd edir.
Bundan əlavə, gəmilər münaqişə zonalarından yan keçmək üçün daha
uzun marşrutlar seçməyə məcbur olur ki, bu da mövcud tankerlərin
sayını azaldır.
Bu fonda EIA hesab edir ki, 2026-cı ilin III rübündə qlobal neft
ehtiyatları orta hesabla sutkada 1,9 milyon barel azalırdı və IV
rübdə daha 0,7 milyon barel azalacaq.
EIA 2027-ci ildə qiymətlərin azalacağını
gözləyir
Qısamüddətli proqnozun artırılmasına baxmayaraq, EIA qiymətlərin
tədricən azalacağını gözləyir.
“Ötən ayla müqayisədə xam neftin qiyməti ilə bağlı proqnozumuzu
artırsaq da, ümumilikdə neft qiymətlərinin oktyabrın əvvəlindəki
orta səviyyə ilə müqayisədə azalacağını gözləməyə davam edirik”, –
deyə proqnozda bildirilib.
Qurum hesab edir ki, Yaxın Şərqdən neft ixracı üçün alternativ
marşrutlar, o cümlədən boru kəmərləri və quru ərazilərdən keçən
alternativ marşrutlar, neftin bir gəmidən digərinə köçürülməsi,
eləcə də 2027-ci ildə istismara verilməsi gözlənilən BƏƏ-dəki yeni
yan keçid neft kəmərlərinin gücləri dayandırılmış hasilatın həcmini
tədricən azaltmağa imkan verəcək.
EIA proqnozlaşdırır ki, regionda neft hasilatının böyük hissəsi
2027-ci ilin ikinci rübünün sonuna qədər münaqişədən əvvəl mövcud
olan orta səviyyələrə qayıdacaq.
Bu fonda qurum “Brent” markalı neftin orta qiymətinin 2027-ci
ilin II rübündə bir barel üçün 87 dollara, qlobal ehtiyatların
bərpası ilə isə 2027-ci ilin IV rübündə 74 dollara qədər
azalacağını gözləyir.
Bununla yanaşı, EIA xəbərdarlıq edir ki, Yaxın Şərqdəki münaqişə
həm Hörmüz boğazı, həm də alternativ marşrutlar vasitəsilə neft
axınlarında dəyişkənlik yaratmaqda davam edəcək. Bu isə qiymətlərin
baza proqnozunda nəzərdə tutulduğundan daha kəskin qısamüddətli
dəyişməsinə səbəb ola bilər.

