ADY: Orta Dəhliz üzrə vahid sənədləşmə sisteminin tətbiqi istiqamətində işlər aparılır

Baş səhifə

Orta Dəhlizin inkişaf mərhələlərini müxtəlif aspektlərdən müzakirə etmişik. İnfrastrukturun inkişafı son bir neçə ildə Azərbaycan Dəmir Yollarının gündəliyində prioritet məsələ olub.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Emil Məmmədov “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində dəmir yolu sisteminin elektrikləşdirilməsi, yeni stansiyaların yenidən qurulması və digər infrastruktur layihələri həyata keçirilib: “Eyni zamanda, daha böyük yük həcmlərinə hazırlaşmaq üçün infrastrukturun inkişafı ilə yanaşı, sərhədyanı əməliyyatlar da Azərbaycan Dəmir Yollarının ciddi şəkildə üzərində işlədiyi mühüm istiqamətlərdəndir. Prosedurların təkmilləşdirilməsi, Orta Dəhliz boyunca ölkələrdən daha qısa müddətdə keçməyə imkan verən vahid sənədləşmə sisteminin tətbiqi istiqamətində işlər aparılır.

Daha böyük həcmdə yük qəbul edə bilməyimiz üçün digər mühüm amil Ələt Limanının dəmir yolu administrasiyasının idarəçiliyinə verilməsidir. Bu birləşmə Qafqaz regionunun əsas giriş nöqtəsində əməliyyat səmərəliliyinin artırılmasına imkan verir.

Ötən ilin statistikasından da gördüyümüz kimi, Bakı Limanında konteyner daşımalarının həcmi artır. Hesab edirəm ki, bu il də yaxşı göstəricilər əldə olunacaq. Həm toplu yüklərin, həm də konteyner yüklərinin sayında artım müşahidə edirik”.

O qeyd edib ki, bu artım yalnız infrastrukturun inkişafı ilə deyil, həm də əməliyyat səmərəliliyinin yüksəldilməsi ilə bağlıdır: “Buna görə də üzərində işlədiyimiz məsələlərə infrastrukturla yanaşı, Orta Dəhliz boyunca müxtəlif tərəfdaşlarla koordinasiya və əməkdaşlıq da daxildir. Biz həm ölkə daxilində, həm də Orta Dəhliz boyunca müxtəlif maraqlı tərəflərlə birlikdə çalışırıq”.