Azərbaycanda avqust ayında yerli kartlarla aparılan əməliyyatların həcmi 23 faiz artıb

Baş səhifə

Bakı. Trend:

Avqust ayında Azərbaycanda yerli kartlarla aparılan
əməliyyatların həcmi 23 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi
statistik bülletendə bildirilir ki, bu ilin avqust ayının sonuna
Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya
edilmiş yerli kartlardan (həmçinin statistik vahidin ödəniş
kartlarından) istifadə etməklə 66 min əməliyyat həyata keçirilib.
Qeyd olunur ki, bu əməliyyatların həcmi 76,7 milyon manatı
ötüb.

Bankın məlumatına görə, ötən ilin eyni dövrü ilə
müqayisədə yerli kartlardan istifadə etməklə aparılan
əməliyyatların sayı 7,2 mindən çox və ya 12,2 faiz, əməliyyatların
həcmi isə 14,2 milyon manatdan çox və ya 22,7 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda bankların və “Azərpoçt”
MMC-nin dövriyyədə olan ödəniş kartlarının sayı avqust ayının
sonuna 22 milyon 974 minə çatıb.




Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu
göstərici iyul ayının sonu ilə müqayisədə 189 min ədəd və ya
təxminən 0,8 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə
dövriyyədə olan ödəniş kartlarının sayı 8,7 faiz artıb.

Kartların strukturu da dəyişib: debet kartlarının
sayı illik ifadədə 10,2 faiz artıb, kredit kartlarının sayı isə 4,3
faiz azalıb.

Nağdsız ödənişlərin artımı davam edib. 2026-cı ilin
avqust ayında ödəniş kartları vasitəsilə həyata keçirilən
ölkədaxili nağdsız əməliyyatların həcmi 8 milyard 888 milyon manat
təşkil edib. Bu məbləğin 7 milyard 682 milyon manatı elektron
ticarətin, 1 milyard 204 milyon manatı POS-terminalların, 2 milyon
manatı isə özünəxidmət terminalları və bankomatların payına
düşüb.