Kontrasepsiya barədə 5 yanlış fikir – Səhiyyə Nazirliyinin mama-ginekoloqu izah edir

Baş səhifə

Bakı. Trend:

Hər il sentyabrın 26-da qeyd olunan Ümumdünya Kontrasepsiya Günü
reproduktiv sağlamlıq, ailə planlaşdırılması və məlumatlı
seçimlərin əhəmiyyətinə diqqət çəkir. Kontrasepsiya yalnız
arzuolunmaz hamiləliyin qarşısının alınması deyil, həm də qadın və
kişi reproduktiv sağlamlığının qorunması, hamiləliklər arasında
optimal intervalın təmin edilməsi və gələcək planların daha şüurlu
şəkildə qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumdünya
Kontrasepsiya Günü ilə əlaqədar Səhiyyə Nazirliyi Elmi-Tədqiqat
Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım
Adıgözəlova-Mirzəyeva kontrasepsiya üsulları, onların üstünlükləri,
geniş yayılmış yanlış fikirlər və həkimə müraciət edilməli hallar
barədə ən çox verilən sualları cavablandırır.

– Kontrasepsiya yalnız hamiləlikdən qorunma vasitəsidirmi?

– Kontrasepsiyanın faydaları daha genişdir. Düzgün seçilmiş
kontrasepsiya hamiləliklər arasında orqanizmin bərpası üçün lazımi
interval yaratmağa, aybaşı tsiklinin nizamlanmasına və ağrılı
simptomların azalmasına kömək edir. Bəzi hormonal preparatlar
dermatoloji problemlərin, o cümlədən sızanaqların yüngülləşməsinə
də müsbət təsir göstərir. Bu eyni zamanda cinsi yolla keçən
infeksiyalardan qorunmanın etibarlı vasitəsidir. Paralel olaraq,
hormonal üsullar funksional yumurtalıq kistalarının əmələ gəlmə
ehtimalını aşağı salır, endometrioz və polikistoz yumurtalıq
sindromu kimi hallarda ağrılı simptomları yüngülləşdirməyə kömək
edir. Bəzi tədqiqatlar isə bunu xoşxassəli döş vəzisi
dəyişiklikləri riskinin azalması ilə də əlaqələndirir. Bütün bu
faktları birlikdə nəzərdən keçirdikdə, kontrasepsiyanı sadəcə
qorunma vasitəsi deyil, qadın sağlamlığına göstərilən qayğı kimi
qiymətləndirmək daha doğrudur. Xanımlara tövsiyəm odur ki,
ginekoloqları ilə bu faydaları açıq şəkildə müzakirə etməkdən
çəkinməsinlər.

– Hazırda hansı kontrasepsiya üsulları mövcuddur və onların daha
uyğun olduğunu necə müəyyən etmək olar?

– Seçim genişdir və hər kəs öz həyat tərzinə, ehtiyaclarına
uyğun variantı tapa bilər. Hormonal üsullar arasında oral
kontraseptiv həblər, dərialtı implant, inyeksion preparatlar,
hormonal uşaqlıqdaxili vasitə ilə yanaşı və aylıq vaginal həlqə də
mövcuddur. İxtisaslaşmış ginekoloqla məsləhətləşmə prosesi hər şeyi
çox asanlaşdırır və bu, birtərəfli tövsiyədən çox, qarşılıqlı və
rahat bir söhbətdir. Konsultasiya zamanı həkim bir sıra amilləri, o
cümlədən ümumi sağlamlıq vəziyyəti, arterial təzyiq göstəriciləri,
tromboz riski, gələcəkdə hamiləlik planları, gündəlik həb qəbuluna
hazır olub-olmama və əlavə infeksiya profilaktikasına ehtiyacın
mövcudluğunu birlikdə dəyərləndirir. Sevindirici haldır ki, əksər
hallarda ilk konsultasiya invaziv müayinə tələb etmir, ətraflı
söhbət əsasında uyğun seçim asanlıqla müəyyənləşdirilə bilər.
Seçilən üsul ilk dəfədən tam mükəmməl hiss olunmasa belə,
həkiminizlə məsləhətləşərək üsulu dəyişdirə bilərsiniz.

– Ən çox yayılmış yanlış təsəvvürlər hansılardır ?

– Birincisi, hormonal kontraseptivlərin uzunmüddətli sonsuzluğa
səbəb olduğu fikri geniş yayılıb, lakin əsassızdır. Uşaqlıqdaxili
vasitə və implant çıxarıldıqdan dərhal sonra, oral həblərdən isə
adətən bir neçə tsikl ərzində fertillik bərpa olunur. Yalnız 3
aylıq inyeksion üsulda hamiləliyin baş verməsi bəzən bir neçə ay
gecikə bilər, lakin bu da müvəqqəti haldır. Son nəticədə fertillik
səviyyəsi preparatı ümumiyyətlə istifadə etməyənlərlə eynidir.
Əmizdirmənin tam və etibarlı qorunma təmin etdiyi qənaəti də
yanlışdır. Üç şərt – körpənin yalnız ana südü ilə qidalanması, 6
aylıqdan kiçik olması və aybaşının hələ bərpa olunmaması eyni
vaxtda ödəndikdə qismən reallaşır. Bu şərtlərdən biri belə
pozularsa etibarlılıq kəskin aşağı düşür, ona görə müstəqil üsul
kimi tövsiyə olunmur.
Kəsilmə üsulunun kifayət qədər etibarlı olduğu təsəvvürü də
yanlışdır. Real həyatda bu üsuldan istifadə edən hər 100 cütlükdən
təxminən 22-si bir il ərzində gözlənilməz hamiləliklə üzləşir. Bu,
müasir hormonal üsullar və uşaqlıqdaxili vasitələrin 1 %-dən aşağı
uğursuzluq göstəricisi ilə müqayisədə xeyli yüksəkdir.

Uşaqlıqdaxili vasitənin istisnasız ağrı yaratdığı və yalnız
artıq doğmuş qadınlara uyğun olduğu fikri də geniş yayılmış səhv
təsəvvürdür. Aparıcı ginekoloji rəhbər sənədlər bu üsulu uşağı
olmayan qadınlar və yeniyetmələr üçün də təhlükəsiz seçim kimi
qəbul edir. Düzgün seçim və düzgün yeridilmə şərti ilə yerləşdirmə
zamanı hiss olunan qısamüddətli sancıdan sonra bu üsul əksər
pasiyentlər üçün rahat və yüksək effektivliyə malik olur.
Hormonal kontraseptivlərin mütləq çəki artımına səbəb olacağı da
geniş yayılmış, lakin elmi cəhətdən əsassız bir qorxudur.
Araşdırmalar nəticəsində əksər hormonal həb, plaster və həlqə
növləri ilə çəki artımı arasında ciddi əlaqə aşkar edilməyib.
Yalnız 3 aylıq inyeksion preparatda bəzi istifadəçilərdə ilk il
ərzində müəyyən çəki artımı müşahidə oluna bilər ki, bu da həkimlə
birlikdə rahatlıqla idarə edilir.

Nəhayət, aybaşı zamanı hər ay mütləq qanaxma olmalıdır fikri də
tibbi baxımdan əsassızdır. Kombinə həblərdəki adi fasilə dövrü
sadəcə tarixi vərdişdən qaynaqlanır. Bu fasiləni buraxmaq və ya
uzatmaq sağlamlığa heç bir zərər vermir, əksinə bir çox qadın üçün
əlavə rahatlıq yaradır. Bu cür yanlış təsəvvürlərin
aydınlaşdırılması hər kəsə öz bədəni barədə daha inamlı və
məlumatlı qərarlar qəbul etmək imkanı yaradır.




– Hansı hallarda ginekoloqa müraciət etmək tövsiyə edilir?

– Kontrasepsiya seçimi statik bir qərar deyil, insanın həyat
şəraiti və sağlamlıq vəziyyəti dəyişdikcə dinamik bir prosesdir.
İlk dəfə üsul seçimi, mövcud üsuldan qaynaqlanan narahatedici yan
təsirlərin müşahidəsi, illik profilaktik müayinələr (hətta şikayət
olmadıqda belə) və şəxsi həyat şəraitinin dəyişməsi müraciət üçün
tövsiyə olunan əsas hallardır.

İlk ginekoloji müayinədən çəkinməyə əsla ehtiyac yoxdur. Müasir
tibbi tövsiyələrə görə, əksər hallarda kontraseptiv üsulun təyin
edilməsi üçün invaziv pelvik müayinə tələb olunmur. Xüsusən də gənc
və ya ilk dəfə müraciət edən pasiyentlər üçün bu, bir çox insanın
ilk narahatlığını aradan qaldıra bilər.

Hamiləlik planlaşdıran cütlüklər üçün isə cəhd etməyə
başlamazdan əvvəl həkimlə görüşmək tövsiyə olunur. Bu, kontraseptiv
üsulun vaxtında dayandırılmasını və ümumi sağlamlıq statusunun
qiymətləndirilməsini əhatə edir. Doğuşdan sonra isə əmizdirmə
vəziyyətindən asılı olaraq kontrasepsiyaya nə vaxt yenidən
başlamağın uyğun olduğunu müəyyənləşdirmək üçün həkim məsləhəti
faydalıdır.

Bundan əlavə, uzunmüddətli üsullardan istifadə edənlər üçün son
istifadə tarixini yadda saxlamaq vacibdir. İmplant təxminən 3 il,
mis spiral 10 ilə qədər, hormonal spiral isə növündən asılı olaraq
3–8 il müddətinə effektivdir. Bu tarix bitməzdən əvvəl həkimə
müraciət edərək üsulun dəyişdirilməsi və ya yeni üsul seçimi
planlaşdırılmalıdır. Kəskin qarın ağrısı, adətdən kənar güclü
qanaxma, pis qoxulu ifrazat və ya mövcud üsuldan istifadə zamanı
gözlənilməz aybaşı gecikməsi kimi əlamətlər isə növbəti planlı
müayinəyə qədər gözləmədən, dərhal həkimə müraciət üçün əsasdır. Bu
əlamətlərin vaxtında qeyd edilməsi problemin erkən və rahat həllinə
imkan yaradır. Yeri gəlmişkən, müayinələr təkcə kontrasepsiya ilə
məhdudlaşmır. Mütəmadi ginekoloji müayinə, sitoloji skrininq
(Pap-test) və zəruri hallarda cinsi yolla keçən infeksiyalara görə
testlər üçün də əlverişli fürsətdir.

– Kontrasepsiya yalnız qadının işidirmi? Kişilər üçün hansı
imkanlar var?

– Xeyr, kontrasepsiya hər iki tərəfin birgə məsuliyyətidir və bu
barədə açıq danışmaqdan çəkinməyə heç bir səbəb yoxdur. Bu mövzunu
tərəfdaşınızla bölüşmək münasibətinizi daha da möhkəmləndirə bilər.
Hazırda dünyanın müxtəlif tədqiqat mərkəzlərində kişilər üçün yeni,
dönən kontraseptiv vasitələr üzərində fəal iş gedir və nəticələr
getdikcə ürəkaçan olur. Bu vasitələr hələ geniş ictimai istifadəyə
buraxılmayıb, lakin onların sürətli inkişafı göstərir ki, gələcəkdə
məsuliyyətin bərabər bölüşdürülməsi reallıqdır. Sonda qeyd etmək
istəyirəm ki, kontrasepsiya barədə məlumatlılıq utanılacaq bir
məsələ deyil, əksinə, özünə qayğı və məsuliyyətli yanaşmanın ən
gözəl nümunəsidir. Hər kəs öz reproduktiv sağlamlığı barədə açıq
şəkildə həkimi ilə danışmaq və məlumatlı seçim etmək hüququna
malikdir.