Bankların cəlb etdiyi vəsaitlərin 70%-i kreditləşməyə yönəldilir – Bəhruz Nağıyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bank sektorunun cəlb etdiyi vəsaitlərin
kreditləşməyə yönəldilən hissəsi son üç ildə 62 faizdən təxminən 70
faizə yüksəlib.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Bank”ın İdarə
Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk 6
ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat
konfransında deyib.

B.Nağıyev bildirib ki, bank sektorunun əsas funksiyalarından
biri cəlb etdiyi vəsaitləri iqtisadiyyatın maliyyələşdirilməsinə
yönəltməkdir.

“Burada çox mühüm məqam ondan ibarətdir ki, biz bank sektoru
olaraq cəlb etdiyimiz vəsaitləri kreditləşməyə yönəldirikmi, yoxsa
yox? Yönəltdiyimiz halda artan iqtisadi fəallıqdan danışa bilərik”,
– deyə o qeyd edib.

Onun sözlərinə görə, son illərdə bu istiqamətdə müsbət dinamika
müşahidə olunur.

“Əgər üç illik müqayisəyə baxsaq, əvvəllər bizim cəlb etdiyimiz
vəsaitlərin təxminən 62 faizi kreditləşməyə gedirdi. Bu gün həmin
rəqəm artıq 70 faiz ətrafındadır”, – B.Nağıyev bildirib.

Bank rəsmisi hesab edir ki, bu göstəricinin daha da
yüksəldilməsi mümkündür.




“Düşünürəm ki, bu rəqəmlər daha da artmalıdır. Daha fəal
olmalıyıq, çalışmalıyıq ki, daha çox maliyyələşmələr təmin
edilsin”, – deyə o vurğulayıb.

B.Nağıyev qeyd edib ki, iqtisadiyyatın maliyyələşdirilməsinin
genişlənməsi yalnız bank sektorunun fəaliyyətindən asılı deyil.
Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində həyata
keçirilən islahatlar da maliyyələşmənin nəticələrinə təsir
göstərir.

“Təbii ki, burada yalnız bank sektorundan asılılıq yoxdur.
İqtisadiyyatın hər bir sektorunda islahatlar davam etməlidir ki, bu
maliyyələşmələr də özünü əks etdirsin”, – deyə sədr müavini
bildirib.

O, kreditləşmənin iqtisadi fəallığın qiymətləndirilməsi
baxımından mühüm göstəricilərdən biri olduğunu da diqqətə
çatdırıb.

“Əgər iqtisadi fəallıqdan danışırıqsa, kreditləşmə rəqəmlərinə
diqqət yetirməliyik. Bunlar əsas göstəricilərdir”, – B.Nağıyev
əlavə edib.

Qeyd edək ki, “PAŞA Bank”ın 2026-cı ilin ilk yarısında cəmi
aktivləri 9,98 mlrd. manat, kredit portfeli 4,08 mlrd. manat,
depozit portfeli 7,75 mlrd. manat, kapitalı isə 1,01 mlrd. manat
təşkil edib.