Günəş tutulması zamanı Avropada günəş elektrik enerjisi istehsalı müvəqqəti azalacaq

Baş səhifə

Bakı. Trend:

Avqustun 12-də baş verəcək qismən Günəş tutulması Avropada
fotovoltaik elektrik enerjisi istehsalının müvəqqəti azalmasına
səbəb olacaq.

Bu barədə Fransanın yüksək gərginlikli elektrik şəbəkəsinin
operatoru RTE məlumat yayıb.

RTE-nin yaydığı açıqlamada qeyd olunur ki, Günəş şüalarının qısa
müddət ərzində azalması və daha sonra yenidən bərpa olunması
fotovoltaik elektrik istehsalında sürətli dəyişikliklərə səbəb
olacaq.

Yerli vaxtla saat 19:30-dan 21:30-dək davam edəcək tutulma
zamanı Fransanın bəzi bölgələrində Günəşin 99 faizə qədəri
örtüləcək, İspaniyanın şimalında isə tam Günəş tutulması müşahidə
olunacaq.

RTE-nin hesablamalarına görə, tutulmanın pik mərhələsində
Avropada günəş elektrik enerjisi istehsalı təxminən 9 700 meqavat
azalacaq ki, bu da Avropa İttifaqında quraşdırılmış günəş enerjisi
gücünün 3,7 faizinə bərabərdir.




Fransada isə hava açıq olacağı təqdirdə elektrik şəbəkəsinə
verilən günəş enerjisi təxminən 1 800 meqavat azalacaq. Bu da
ölkənin ümumi elektrik istehsalının təxminən 3 faizini təşkil
edir.

RTE AFP agentliyinə bildirib ki, Fransa Almaniya (3 300 MVt) və
İspaniya (3 000 MVt) ilə müqayisədə bu hadisədən daha az
təsirlənəcək.

RTE-nin məlumatına görə, Fransada elektrik istehlakçıları üçün
heç bir təchizat problemi gözlənilmir. Buna səbəb elektrik enerjisi
istehsalının kifayət qədər yüksək olması və tutulmanın günəş
enerjisi istehsalının pik saatlarından sonra baş verməsidir.

Hazırda Fransada quraşdırılmış günəş elektrik enerjisi gücü
artıq 30 giqavatı ötür.