
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları
üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd)
keçirəcək. Bu gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC
altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə
imtahan (ikinci cəhd) təşkil ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə,
Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir,
Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad,
Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi
başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 153 imtahan
binası, 2658 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3 304 nəzarətçi,
482 buraxılış rejimi əməkdaşı, 153 bina nümayəndəsi cəlb
olunub.
Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24 min 997, IV ixtisas
qrupu üzrə 5 302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının
hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə
imtahanda isə 6057 nəfər olmaqla, ümumilikdə 36 min 356
abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar
ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə
gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər
təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala
daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə,
sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə
xüsusi təlim keçirilib.

