
Bakı. Trend:
Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin
mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir
mübadiləsi aparılıb.
Trend bu
barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli
Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri
Metin Çelik ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət
əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları
ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə
arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin
əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər
qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri
nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi
və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.
Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə Türkiyə
arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı
investisiyaların artmasına və yeni əməkdaşlıq istiqamətlərinin
formalaşmasına mühüm töhfə verir.

