
Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə
gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
xəbərdarlıq verilib.
Trend xəbər verir ki, bu
barədə Baş Dövlət Yol Polisi İdarəsinin küləkli hava ilə bağlı yol
hərəkəti iştirakçılarına müraciətində deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti
əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz
halların qarşısının alınması üçün hərəkət iştirakçılarından
ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi
xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və
sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində
hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün
qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi
təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən
qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı,
yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və
sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.


