
Bakı. Trend:
Gələcəkdə aqrar sığorta vasitəsilə daha bir sıra məhsulları
sığortalamaq mümkün olacaq.
Bunu Trend-ə
açıqlamasında Aqrar Sığorta Fondunun (ASF) idarə heyətinin sədr
müavini Ləman Alıyeva-Məmişova deyib.
O bildirib ki, hazırda fond tərəfindən həm bitkiçilik, həm
heyvandarlıq, eləcə də balıqçılıq məhsullarının sığortalanması
həyata keçirilir ki, bitkiçilik üzrə 41 növ bitkinin, hansı ki,
bunun içərisinə həm taxıllar, həm çəyirdəklilər, həm texniki
bitkilər, həm qərzəklilər, yəni çox geniş sayda bitkilərin
sığortalanması nəzərdə tutulub: “Heyvanlar üzrə isə iri və xırda
buynuzlu heyvanların ətlik və südlük istiqamətdə olmaqla
sığortalanması təmin edilir. Gələcək planların içərisində, eləcə də
qanunvericilik təşəbbüslərini nəzərə alsaq, quşçuluq, arıçılıq
təsərrüfatlarının sığortalanması nəzərdə tutulur, bununla bağlı
artıq qanunvericilikdə də təşəbbüslə çıxış edilmişdir. Əlavə olaraq
9 növ yeni bitkinin siyahıya əlavə edilməsi gözlənilir. Buraya
feyxoa, kivi, bibər, badımcan və sair bitkilər aiddir. Gələcəkdə
müvafiq qaydalar qəbul ediləndən sonra bu bitkilərin də
sığortalanması nəzərdə tutulur”.
Sədr müavini eyni zamanda sel-subasma hadisələri ilə əlaqədar
sığorta hadisələrindən də danışıb. Onun sözlərinə görə, sel-subasma
hadisəsi nəticəsində təkcə bayram günlərində, martın 20-dən bu günə
qədər 3 min hektara yaxın əkin ərazisinə zərər dəyməsi ilə bağlı
fonda müraciət daxil olub: “Sığorta müqaviləsi üzrə müraciətlərin
sayı təxminən 300-ə yaxındır. Müraciətlərin böyük hissəsi
sel-subasma hadisələri ilə əlaqədardır. Bu onu göstərir ki, bu il
bizim sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel-subasma
riskindən olacaqdır”.
Sədr müavini Aqrar Sığorta Fonduna bölgələr üzrə ən çox daxil
olan müraciətlərdən də bəhs edib: “Son günlər bizə olan
müraciətlərin dinamikasına əsasən deyə bilərik ki, bu qeyri-sabit
hava şəraiti, təbii ki, kənd təsərrüfatından yan keçməyib və ciddi
ziyanlar vurub.
Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi
regionlarından daha çox müraciətlər daxil olub. Belə hadisələrin ən
çox baş verdiyi ərazi kimi, xüsusilə Şabran və Xaçmaz rayonlarını
qeyd edə bilərik. Subasma hadisələri təkcə əkin sahələrinə, yəni
arpa və buğda sahələrinə deyil, meyvə bağlarına da – gilas, heyva,
armud, badam və sair bağlara da zərər vurub, bununla bağlı
fermerlərdən bizə müraciət daxil olmuşdur. Hətta fermerlərin
verdiyi məlumata görə, bəzi ərazilərdə əkin sahəsində suyun
hündürlüyü 60 santimetrə qədər çatmışdır”.
Ləman Alıyeva-Məmişova eyni zamanda bu hadisələr üzrə fermerlərə
dəyən zərərə görə ödənişlərin veriləcəyi tarixi də açıqlayıb: “İlk
olaraq sığortalı fermerlərimizə səslənmək istəyirəm ki, hadisə baş
verdikdən dərhal sonra – 10 gündən gec olmayaraq həm Aqrar Sığorta
Fondunun 1651 Çağrı Mərkəzinə, həm də aidiyyəti dövlət qurumlarına
müraciət etsinlər. İkinci bir məqam, ödənişlə bağlı bildirmək
istəyirik ki, əgər 100% məhvolma hadisəsi baş verməyibsə, sığorta
ödənişləri bir qayda olaraq, qanunvericiliyin tələblərinə əsasən,
yığım-biçim dövrlərində həyata keçirilir. Bunun səbəbi onunla
əlaqədardır ki, bu dövrdə təbiət hadisələri yenidən baş verə, yəni
fermerə dəyən zərər dəyişə bilər. Buna görə də ədalətli olsun deyə
sığorta ödənişlərinin yığım-biçim dövründə ödənilməsi daha
məqsədəuyğun hesab olunur. Amma əgər hadisə nəticəsində məhsulda
tam məhvolma qeydə alınıbsa, sığorta ödənişi daha tez həyata
keçirilir”.
O vurğulayıb ki, son 3 ildə Aqrar Sığorta Fondu tərəfindən
sel-subasma hadisələri üzrə fermerlərə ümumilikdə 4,5 milyon manat
sığorta ödənişi edilib: “Təkcə ötən 2025-ci ilin dinamikasına
baxsaq, baş verən hadisələrin ikinci ən çox hissəsini sel-subasma
halları təşkil edir ki, birinci yerdə isə ödənişlərin həcminə görə,
təbii ki, dolu hadisəsidir.
2025-ci ildə 3300 hektar əkin sahəsində sel-subasma hadisəsinə
görə 1 milyon 227 min manat sığorta ödənişi edilib. 2023-cü ildə
7716 hektar əraziyə dəymiş zərər üzrə 1,6 milyon manat, 2024-cü
ildə isə 6 697 hektar əkin sahəsinə dəymiş zərər üzrə 1,7 milyon
manat ödəniş edilib. Yəni subasma hadisələri kifayət qədər tez-tez
baş verir və bunu son günlər də müşahidə edirik”.

