
Bakı.Trend:
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin
Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevin dəvəti
ilə ölkəmizdə rəsmi səfərdədir.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, bu gün Muhsin Şəntürk Fəxri Xiyabana gələrək
xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla
yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz
Əliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi
uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə
ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.
Həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda
həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk
şəhidliyi” abidəsi, eləcə də Zəfər parkında yerləşən Zəfər
abidəsini ziyarət edilib.
Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş
tutan görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıq
münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi,
hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişaf
etdiyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin
əsasında dayanan və Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli
sürülmüş “bir millət, iki dövlət” konsepsiyası hazırda Prezident
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan
sıx dostluq münasibətləri və siyasi iradə sayəsində daha da
genişlənərək bütün sahələrdə, o cümlədən prokurorluq və
hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə
mühüm töhfə verir. Bu əməkdaşlıq hər iki dövlətin hüquqi
sistemlərinin inkişafına, cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın genişlənməsinə
müsbət təsir göstərir.
Görüşdə Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq
islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin
rəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və
institusional inkişaf istiqamətində görülən işlər barədə ətraflı
məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Muhsin Şentürk təmsil
etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm
verdiyini, iki qardaş ölkənin prokurorluq orqanları arasında
əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə
edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə
faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım,
prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam
etdirilməsi barədə razılıq əldə olunub.
Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı
fəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkənin
prokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatına
üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsində
qarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübə
mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti
vurğulanıb.
Görüş zamanı Muhsin Şentürkə iki qardaş ölkənin prokurorluq
orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə
təltif olunduğu “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan
Respublikasının yubiley medalı təqdim edilib.
Görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Birol Akgün iştirak edib.
Qeyd edək ki, səfər çərçivəsində Muhsin Şəntürkün ölkəmizdə
həyata keçirilən hüquq islahatları və aparılan institusional
dəyişikliklərlə tanış olmaq məqəsilə bir sıra yüksək vəzifəli
şəxslərlə rəsmi görüşlər keçirməsi planlaşdırılır.

