
Bakı. Trend:
Kiyev “Drujba” neft kəməri ilə neft təchizatını bərpa etməyənə
qədər, Macarıstan Avropa İttifaqının Ukraynanın xeyrinə qəbul
etdiyi qərarları dəstəkləməkdən imtina edəcək.
Trend xəbər verir
ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Avropa
İttifaqının zirvə-toplantısı başlamazdan əvvəl jurnalistlərə
açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda “ukraynalıların blokladığı” bu kəmər
vasitəsilə neft əldə etmələrini istəyir.
“Macarlar bizə məxsus olan nefti almayana qədər, mən burada
Ukraynanın xeyrinə olan heç bir qərarı dəstəkləməyəcəyəm”, –
Macarıstanın baş naziri əlavə edib.
Martın 18-də Slovakiyanın baş naziri Robert Fico bildirib ki, Aİ
sammitində “Drujba” neft kəməri ilə bağlı vəziyyətə dair bəndin
olmaması səbəbindən Ukrayna ilə bağlı yekun sənədi dəstəkləməyəcək.
Onun sözlərinə görə, Bratislava Brüsseldən yekun sənədə “Drujba”
ilə bağlı müddəaların daxil edilməsini xahiş edib. Lakin Aİ
Slovakiyanın bu tələbinə razılıq verməyib.


