
Lüksemburqun futbol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi Daniel Santos nalayiq mesajlara görə vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mütəxəssis milli komandanın bir neçə futbolçusuna nalayiq məzmunlu mesajlar göndərməkdə ittiham olunur və bəzi oyunçular onun davranışından şikayət ediblər.
Federasiyanın açıqlamasında vurğulanıb ki, bu cür davranış etik dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə ziddir. İddialardan xəbər tutan kimi, futbolçuların qorunması və idman mühitinin bütövlüyünün təmin edilməsi üçün dərhal tədbirlər görülüb. Toplanan sübutlar və oyunçuların məşqçiyə etimadını itirməsi gələcək əməkdaşlığı mümkünsüz edib.
44 yaşlı Santos 2020-ci ilin avqustundan Lüksemburq qadın millisinin baş məşqçisi idi. Onun rəhbərliyi dövründə komanda nə dünya çempionatına, nə də Avropa çempionatına vəsiqə qazana bilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


