
Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında
2026-2027-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq
planına əsasən, Bakı şəhərində hər iki ölkənin yüksəkixtisaslı
kibertəhlükəsizlik mütəxəssisləri “Defence Cyber Marvel 2026”
təlimində iştirak ediblər.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Birləşmiş Krallığın
Ordu Kiber Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, müxtəlif
ölkələrin müdafiə nazirliklərinin və dövlət qurumlarının
heyətlərinin cəlb olunduğu təlimdə real şəraitə uyğun ssenari
çərçivəsində müttəfiq qüvvələrə qarşı potensial kiberhücumların
qarşısının alınması üzrə iştirakçıların bacarıqları yoxlanılıb.
Hər iki ölkənin kibertəhlükəsizlik mütəxəssisləri kritik
infrastrukturlara edilən kiberhücumların qarşısının alınması,
sistemlərdə təhlükəsizlik boşluqlarının aradan qaldırılması,
informasiya texnologiyaları vasitələrinin beynəlxalq təhlükəsizlik
tələblərinə uyğun tənzimlənməsi, kibertəhqiqat və kiberkəşfiyyat
fəaliyyətlərinin aparılması, informasiya təhlükəsizliyinin təmin
edilməsi və digər kibermüdafiə fəaliyyətləri üzrə tapşırıqların
icrasında yüksək peşəkarlıq göstəriblər.
Qeyd edək ki, “Defence Cyber Marvel” təlimi Silahlı Qüvvələrin
müxtəlif strukturlarında xidmət edən heyətə kibertəhlükəsizlik
sahəsində bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaq məqsədilə
hər il təşkil olunur.

