Bakı. Trend:
Tədqiqatçılar 66 milyon il əvvəl Yer kürəsində isti tropik
şəraitin şiddətli buzlaşma ilə əvəz olunduğu iqlim kataklizminin
səbəbini müəyyən ediblər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Tədqiqata görə, temperaturun düşməsi okeanda kalsium
səviyyəsinin kəskin azalması ilə əlaqələndirilir.
Sauthempton Universitetinin alimləri Çin, ABŞ, İsrail,
Danimarka, Almaniya, Belçika və Hollandiyadan olan həmkarları ilə
birlikdə dəniz dibi çöküntülərində tapılan kiçik orqanizmlərin
fosillərini təhlil ediblər. Bu, qədim okeanların kimyəvi tərkibini
müəyyən etməyə imkan verib.
Tədqiqatın nəticələri dəniz suyundakı kalsium konsentrasiyaları
ilə atmosfer karbon qazı səviyyələri arasında aydın bir
korrelyasiya olduğunu göstərib. Kalsium səviyyəsi artdıqca,
okeanlar daha az karbon udur və atmosferə karbon qazı buraxır ki,
bu da istixana effektinə, habelə qlobal istiləşməyə səbəb olur.
Kalsium səviyyəsi azaldıqca, dəniz orqanizmləri atmosferdən karbonu
daha aktiv şəkildə udur və onu okean dibinə yerləşdirir. Bu proses
Yer kürəsinin atmosfer tərkibini dəyişdirib və nəticədə
temperaturun azalmasına səbəb olub. Dəniz dibində çökmə sürətinin
azalması süxurlar və dəniz suyu arasında kimyəvi mübadilənin
azalmasına səbəb olub.

