Silah alveri ilə məşğul olan şəxslər ifşa edildi

Baş səhifə

Bakı.Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq
odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata
görə, tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı
Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı
İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil
ediblər.

Qrup üzvlərindən biri, S.Kərimzadə, Bərdə rayonu ərazisində
idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış
zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd
“Kalaşnikov” markalı avtomat, həmin silahlara aid 2 ədəd patron
darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə
edərək saxlayan İ.Hüseynov da Xocavənd rayonu ərazisində
saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.




Onlardan ümumilikdə 4 ədəd “Kalaşnikov” avtomatı, 4 patron
darağı və 60 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.