
Bakı. Trend:
Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası Hökuməti və
İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və
Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa
çatdıqdan sonra bir sıra sənədlər imzalanıb.
Trend xəbər
verir ki, həmsədrlər Sahil Babayev və Yarub Qudah tərəfindən
Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı
Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın IV iclasının nəticələrinə dair
Protokol, həmçinin 2025-2027-ci illər üzrə elm və təhsil,
mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və
media sahələrində İcraedici Əməkdaşlıq Proqramı imzalanıb.
Bundan başqa, Azərbaycan və İordaniya hökumətləri arasında
gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
Saziş, Dövlət Turizm Agentliyi ilə İordaniyanın Turizm və Tarixi
Əsərlər Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair
Anlaşma Memorandumu və turizm sahəsində əməkdaşlığa dair İcra
Proqramı və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) ilə İordaniyanın Kiçik və Orta Müəssisələrin
İnkişafı Korporasiyası (JEDCO) arasında Anlaşma Memorandumu hər iki
tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri
tərəfindən imzalanıb.
Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını
cavablandırıb. İqtisadi sahədə Hökumətlərarası Komissiyanın
fəaliyyətinin əsas platforma olduğunu vurğulayan həmsədrlər qeyd
ediblər ki, Komissiyanın IV iclasında ticarət, investisiya, sənaye,
enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə konkret
əməkdaşlıq istiqamətləri razılaşdırılaraq protokol imzalanmışdır.
Həmçinin bildirilib ki, bir çox sahələrdə əldə olunan irəliləyiş
münasibətlərin strateji xarakterini təsdiqləyir və mövcud potensial
əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.

