Roberto Mançini ikinci dəfə İtaliya millisinin baş məşqçisi, Klaudio Ranyeri isə texniki direktor təyin edilib

Baş səhifə

Bakı. Trend:

İtaliya milli komandasını 2018-2023-cü illərdə çalışdıran
Roberto Mançini yenidən baş məşqçi postuna qayıdıb.

İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo
çərşənbə axşamı bildirib ki, Roberto Mançini ikinci dəfə milli
komandanın baş məşqçisi olacaq, Klaudio Ranyeri isə federasiyanın
texniki direktoru vəzifəsinə təyin ediləcək.

Mançini bu ilin aprelində Bosniya və Herseqovinaya dünya
çempionatının seçmə mərhələsində məğlubiyyətdən sonra vəzifəsindən
ayrılan Cennaro Qattuzonu əvəz edəcək. Həmin məğlubiyyət dördqat
dünya çempionu olan İtaliyanın 2014-cü ildən bəri ardıcıl üçüncü
dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi
ilə nəticələnmişdi.

61 yaşlı Mançini 2021-ci ildə İtaliya millisini Avropa çempionu
edib.




O, ilk dönəmində İtaliya yığmasını 58 oyunda çalışdırıb. Klub
səviyyəsində isə “İnter”, “Fiorentina” və “Mançester Siti”nin baş
məşqçisi olub, “Mançester Siti”ni 2011/2012 mövsümündə tarixində
ilk dəfə İngiltərə Premyer Liqasının çempionu edib.

İtaliya Futbol Federasiyasının sabiq texniki direktoru Paolo
Maldini və müşaviri Leonardo bazar ertəsi vəzifələrindən istefa
veriblər. Buna səbəb onların İtaliya millisinin baş məşqçisi
postuna əsas namizədi olan Andrea Pirlonun Rusiya mərc şirkəti ilə
əlaqələrinə görə təyinatının bloklanması olub.

Paolo Maldinini federasiyanın texniki direktoru vəzifəsində
Klaudio Ranyeri əvəz edəcək.

74 yaşlı mütəxəssis 2016-cı ildə “Lester Siti”ni sensasiyalı
şəkildə İngiltərə Premyer Liqasının çempionu etməsi ilə
məşhurdur.