Gələn il işsizliyə görə sığorta ödənişləri 65 % artırılacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı il üzrə işsizlikdən sığorta fondunun gəlirlərinin
238,3 milyon manat və işsizlikdən sığorta fondunun
əvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin isə
28,1 milyon manat olacağı proqnozlaşdırılır.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə
iclasında müzakirə olunan “İşsizlikdən sığorta fondunun 2026-cı il
büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı ildə işsizlikdən sığorta haqları üzrə
yığımların 236,6 milyon manat təşkil edəcəyi
proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisi
ilə müqayisədə 30,27 milyon manat və ya
14,67 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə
3,03 milyon manat və ya 1,3 faiz
çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda
işləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrə
daxilolmaların proqnozu 51,9 mln. manat təşkil
edir.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə daxilolmaların
proqnozunun 184,7 milyon manatı və ya
78 faizi qeyri-büdcə sektorunun payına düşür.

İşsizlikdən sığorta fondunun
xərcləri

İşsizlikdən sığorta fondunun 2026-cı il üçün xərcləri
266,4 milyon manat həcmində proqnozlaşdırılır ki,
bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən
5,7 milyon manat və ya 2 faiz,
2024-cü ilin icra göstəricisinə nisbətən isə 73,7
milyon manat və ya 38 faiz çoxdur.

İşsizliyə görə sığorta ödənişlərinin həcminin 2026-cı ildə
28,0 milyon manat məbləğində olması
proqnozlaşdırılır. Bu məbləğ 2025-ci ilin göstəricisinə nisbətən
11,0 milyon manat və ya 65 faiz
çoxdur.




Növbəti il üzrə ölkədə işsiz və işaxtaran şəxslərin əmək
bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli işçi qüvvəsi kimi
hazırlanması məqsədilə təşkil olunacaq peşə hazırlığı və əlavə
təhsil tədbirləri üçün proqnozlaşdırılan xərclər
26 milyon manat təşkil edir. Bununla da,
17 500 nəfər işsiz və işaxtaran şəxsin peşə
hazırlığına cəlb olunması planlaşdırılır ki, bu da 2025-ci illə
müqayisədə 1 500 nəfər çoxdur. Bu çərçivədə peşə
hazırlığının təşkili üçün 16,7 milyon manat,
təqaüdlərin ödənilməsinə 7,9 milyon manat,
beynəlxalq sertifikasiya kurslarına 0,5 milyon
manat, peşə hazırlığının təbliğatı forumu üçün 0,5
milyon manat, peşə hazırlığı mərkəzlərində tədris olunan peşələr
üzrə əyani tədris materiallarının hazırlanması üçün
0,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
2026-cı ildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə
1,5 milyon manat vəsaitin yönəldilməsi nəzərdə
tutulmuşdur.

2026-cı ildə ölkədə 50 əmək yarmarkasının
təşkil olunması və bu yarmarkaların təşkili üçün məkanların
icarəsi, istifadə olunacaq afişa və reklam lövhələrinin çapı,
televiziyalarda və mətbuatda elanların yerləşdirilməsi və s.
xərclər üçün 0,5 milyon manat nəzərdə tutulur.

İşsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasını
sürətləndirmək və iş tapmaqda çətinlik çəkənlərə dəstək vermək
məqsədilə haqqı ödənilən ictimai işlərin təşkilinə 2026-cı ildə
işsizlikdən sığorta fondunun vəsaiti hesabına 3,7
milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır.

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə də
77,0 milyon manat vəsaitin ayrılması
proqnozlaşdırılır.

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsində
sığortaolunanların əməkhaqlarının bir hissəsinin müəyyən müddətə
sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinin təşkili üçün əhatə
dairəsi 1 445 nəfər təşkil etməklə
6,0 milyon manat vəsait nəzərdə tutulur ki, bu da
müvafiq istiqamət üzrə 2025-ci il üçün təsdiq edilmiş məbləğə
nisbətdə 2,0 milyon manat və ya
50 faiz çoxdur.

Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə
1,0 milyon manat vəsait nəzərdə tutulur.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik
çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş
yerlərinin yaradılması maddəsi üzrə işəgötürənlərlə Dövlət
Məşğulluq Agentliyi arasında bağlanılan müqavilələrin
maliyyələşdirilməsi üçün 2026-cı ilin büdcəsində
1,0 milyon manat vəsait nəzərdə tutulur.

Dövlət Məşğulluq Agentliyi tərəfindən müsabiqə yolu ilə seçilmiş
layihələr çərçivəsində iş yerlərinin yaradılması (iş yerlərinin
sayı işəgötürənin mövcud işçi sayının 10 (on)
faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox olmamaqla)
ilə bağlı xərclərin 75 faizədək hissəsinin Dövlət
Məşğulluq Agentliyi tərəfindən ödənilməsi üçün 2026-cı ilin
büdcəsində 2,0 milyon manat vəsait nəzərdə
tutulur. Həmçinin, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin
edilməsi məqsədilə yeni aktiv məşğulluq tədbirlərinin həyata
keçirilməsinin təmin edilməsi üçün mövcud qanunvericiliklə əmək
hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş digər aktiv
məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 2026-cı ilin
büdcəsində 1,0 milyon manat vəsait nəzərdə
tutulur.