
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Qazaxıstana dövlət səfəri yalnız ikitərəfli əlaqələrin
gücləndirilməsi kontekstində deyil, eyni zamanda regionda
nəqliyyat-logistika, enerji, Türk dünyasının birliyi və Avrasiya
inteqrasiyası baxımından mühüm strateji əhəmiyyətə malikdir. İki
ölkənin xalqlarının əsrlərin sınağından çıxmış ortaq tarixi, mədəni
və mənəvi dəyərləri bu əlaqələrin inkişafı üçün etibarlı zəmin
yaradır”.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Soltan Məmmədov
deyib.
S.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti “Kazinform”
agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin yüksək
səviyyəsini və strateji tərəfdaşlığın möhkəm əsaslar üzərində
qurulduğunu xüsusi olaraq vurğulayıb:
“Azərbaycan və Qazaxıstan liderlərinin apardığı uğurlu siyasət
nəticəsində ölkələrimiz arasındakı münasibətlər son illərdə sürətli
inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçılarının qarşılıqlı
səfərləri, imzalanan çoxsaylı sazişlər siyasi, iqtisadi və
humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə yol açıb.
Bu gün Azərbaycan və Qazaxıstan regionda sabitlik, təhlükəsizlik və
əməkdaşlığın qarantı kimi çıxış edirlər”.
Deputat qeyd edib ki, Xəzər dənizi ətrafında formalaşan yeni
nəqliyyat və logistika dəhlizləri, xüsusilə Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu iki ölkənin qarşılıqlı maraqlarını
birləşdirərək, həm regionun, həm də Avrasiya məkanının iqtisadi
xəritəsini yenidən formalaşdırır:
“İki ölkə neft-qaz, energetika sahəsində əlaqələri
gücləndirərək, Avrasiya enerji bazarında daha geniş təsir imkanları
qazana və alternativ marşrutların formalaşmasında aparıcı rol
oynaya bilər. Səfər çərçivəsində imzalanan sənədlər əməkdaşlığın
yalnız ənənəvi sahələrdə deyil, rəqəmsal iqtisadiyyat, innovasiya,
sənaye sahələrində də də inkişaf etdirilməsi niyyətini ifadə edir.
Bütün bunlar isə əlaqələrin məzmununa yeni ştrixlər əlavə
edir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında
əməkdaşlığın şaxələndirilməsi iki ölkənin təkcə regional deyil,
qlobal səviyyədə də mövqelərini möhkəmləndirir. Eyni zamanda,
qlobal güclərin kifayət qədər ciddi maraq göstərdiyi coğrafiyada
yerləşən Azərbaycanın və Qazaxıstanın müstəqil siyasət yürütmək
imkanlarını daha da artırır.

