Naxçıvanda su təminatı ilə bağlı görülən işlər açıqlanıb

Baş səhifə

Bakı:Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur
Mikayılovun tapşırığına əsasən, Agentliyin tabeliyində olan
Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini
İlham Quliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Trend xəbər
verir ki, səfər çərçivəsində İlham Quliyev Culfa rayonunda yerləşən
Bənəniyar su anbarına baxış keçirib. Baxışın məqsədi oktyabrın
16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermiş
balıqların kütləvi tələf olması faktı ilə bağlı vəziyyəti yerində
araşdırmaq olub. Sədr müavini mövcud vəziyyəti dəyərləndirib,
hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə
olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının
alınması məqsədilə müvafiq tapşırıqlar verib.

İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvan
Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təxminən 9 ay əvvəl
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.
Bu müddət ərzində su təsərrüfatı infrastrukturunun bərpası, suvarma
sistemlərinin yenilənməsi və su ehtiyatlarından səmərəli istifadə
istiqamətində mühüm işlər görülüb.

Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət
Proqramı” çərçivəsində muxtar respublikanın su təminatının
yaxşılaşdırılması məqsədilə bir sıra mühüm layihələr həyata
keçirilir. Bunlara “Əlincəçaydan su götürən və Culfa rayonunun
ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən
qurulması” və “Babək rayonunun Nehrəm qəsəbəsində 1000 hektar
torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün ‘Araz-1’ və
‘Araz-2’ iki pilləli nasos stansiyasının və boru xəttinin yenidən
qurulması” layihələri daxildir.




Hər iki layihə üzrə layihələndirmə və ekspertiza mərhələsi
tamamlanıb, tender müsabiqəsi keçirilib və qalib podratçı ilə
müqavilə bağlanıb. Hazırda tikinti-quraşdırma işlərinə start
verilib.

Bundan əlavə, “Arpaçay sağ sahil və sol sahil magistral
kanallarının yenidən qurulması”, “Babək rayonunun Çeşməbasar və
Güznüt kəndlərində ümumilikdə 240 hektar torpaq sahəsinin su
təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün qapalı
suvarma və drenaj şəbəkəsinin tikintisi”, həmçinin “Gilançaydan
Culfa və Babək rayonlarının ərazisində 1600 hektar torpaq sahəsinə
suvarma suyunun çatdırılması” layihələri üzrə də layihələndirmə və
ekspertiza işləri tamamlanıb, tikinti mərhələsinə hazırlıq işləri
davam etdirilir.

İlham Quliyev vurğulayıb ki, həyata keçirilən tədbirlər Naxçıvan
Muxtar Respublikasında su ehtiyatlarının idarə olunmasının
təkmilləşdirilməsinə, suvarma və içməli su təminatının daha da
yaxşılaşdırılmasına xidmət edir.