Qan Turalı yazır…
“Bir gün yox olsam
Lütfən, tapın məni
Su və xatirələr məni nişan verəcək
Yenidən görüşəcəyik”
Bu bir şeirdir və heç də pis şeir deyil. Rilkenin ya da Eliotun kitabında görsək, bizə qəribə gəlməyəcək. Ancaq bir “əmma”sı var. Bu şeiri bir bilgisayar proqramı olan “ChatGPT” yazıb.
Yepyeni bir dövr başlayır – bilgisayarların şeir yazdığı, musiqi bəstələdiyi, süni intellekt dövrü…
Əslində, hər şey Sənaye İnqilabı ilə başlamışdı. O zamana qədər güc ancaq insanda və heyvanda idi. Araba atın əzələ gücü ilə çalışırdı. Əkinlər öküzlə şumlanırdı, taxıl əllə toplanırdı. Ancaq motor kəşf edildikdən sonra biz gücümüzü onunla bölməyə başladıq. Daha doğrusu, gücümüzə güc qatdıq. Ot və su ilə yox, benzin və yağla çalışan bir motor…
Bu dəfə avtomobil motorla işlədi. İnsan isə avtomobili idarə edirdi. Bir sözlə, yeni bir əzələ gücü, yeni bir güc mənbəyi kəşf etdik. İndi isə idarəetməni də süni intellektə təhvil veririk.
Avtomobilə oturub gedəcəyimiz yeri nişan verəcəyik. Dünyanın bir çox böyük firması sürücüsüz maşınlar istehsal edir. Yaxın gələcəkdə sürücü peşəsi də tarixə qovuşacaq.
Avtomobilin kəşfi ilə faytonçular taksi sürücülərinə çevrildilər. İndi isə bizi faytonçuların yox, atların taleyi gözləyir. Görkəmli tarixçi Haririnin diaqnozu belədir.
Bəs incəsənət, bəs şeir, bəs kino?! Bilgisayar belə bir şeir yaza bilirsə, onda poeziya necə olacaq? Şairlər nə edəcək?! Bunun üçün bu və bu kimi bilgisayar proqramlarının iş prinsipinə baxmaq lazımdır. Bu proqramlar alqoritmlərlə çalışır. Bu zamana qədər yazılan şeirlər, eləcə də lüğətlər onların məlumat bazasına yüklənir. Proqram da sözlərin mənasını anlayır, onları şeirin uyğun vəznlərinə uyğun formada tərtib edir.
Bir növ şablonlaşdırır, başqa cür desək ədəbiyyatda epiqonçu (təqlidçi) şairlərin etdiyini edir. Ancaq ədəbiyyat hər cür qəliblərdən, şablonlardan, epiqonçuluqdan uzaqdır. Böyük qələm sahibləri daim öz dövrünün hakim ədəbi qəliblərindən, estetik paradiqmalarından kənara çıxaraq öz dəst-xətlərini yaradıblar. Başqa cür desək, öz alqoritmlərini yaradıblar.
Bəli, bilgisayar proqramları bir detektiv roman yaza bilər, ancaq bu, əsla Aqata Kristi, Konan Doyl romanı olmayacaq. Bir pyes yazsa Şekspir, bir roman yazsa Servantes, bir şeir yazsa Nazım Hikmət olmayacaq. Bir musiqi bəstələyə bilər, ancaq bu musiqi heç bir zaman Motsart, ya da Bethoven səviyyəsində alınmayacaq. Motsartı, Bethoveni yamsılaya bilərlər, ancaq yeni bir Motsart, Bethoven simfoniyası yarada bilməzlər.
Yaradıcılıq belə bir şeydir, “sui generis”dir, yəni özünəməxsus, ikincisiz, təkrarsız… Süni intellekt də bir növ epiqonçu yaradacaq. (Epiqonçular az idi, biri də Mazandarandan gəlir…)
Ancaq iş həyatı üçün süni intellektin fərqli perspektivlər yaradacağı şəksizdir. Burada mühüm bir məqam bundan ibarətdir: insanın gördüyü işi süni intellekt görə bilərmi? Çıxış nöqtəsi budur. Bu kontekstdə xüsusi bir qabiliyyət tələb etməyən işlərin süni intellekt tərəfindən görüləcəyi şəksizdir. Misal üçün, ABŞ-də satıcısız supermarketlər qurulur, istədiyiniz məhsulu alıb kassa aparatından keçirirsiniz, kartla da pulu ödəyirsiniz. Bir az əvvəl sürücü peşəsindən də bəhs etdik.
Eləcə də bankların müvafiq proqramları müştərinin kredit üçün uyğun olub-olmadığını, uyğunluq halında nə qədər kredit veriləcəyini təyin edə bilir. Bunun üçün o, müştərinin maaşını, xərclərini, eləcə də əvvəlki kreditləri necə ödədiyini, hətta məhkumluq, aludəçilik kimi xüsusiyyətlərini yoxlayır və qərar verir. Bir sözlə, bank işçisinin etdiyi hər şeyi çox daha qısa müddətdə edə bilir. Nəticə müsbətdirsə, pul müştərinin hesabına köçürülür.
Bir sözlə, bizi yeni bir dünya gözləyir. Bu dünyanın öz şərtləri, öz təbiəti və öz şəraiti olacaq. Həmişə olduğu kimi indi də dövrə uyğunlaşa bilənlər həyatda qalacaqlar.
www.RESMIXEBER.az