Qaradağlı kənd sakini: “Ən böyük arzum doğma yurduma qayıtmaqdır” – MÜSAHİBƏ

HƏRBİ

“31 il keçməsinə baxmayaraq, yaşadıqlarımı unuda bilmirəm. Hər il eyni hissləri yaşayıram”.

Bunu resmixeber.az-a müsahibəsində Xocavənd rayonunun Qaradağlı kənd sakini İlqar Hüseynov deyib.

Müsahibəni təqdim edirik:

– İlqar bəy, təxribatlar nə zamandan başlamışdı?

– Təxribatlar bir neçə il öncədən başlamışdı. 1991-ci ilin noyabrın 19-dan 20-nə keçən gecə vertolyot vuruldu. Bir müddət blokadada qaldıq. Heç cür çıxa bilmədik. Kənddə hər gün atışmalar olurdu. Ölənlər də var idi. Ölənləri həyətlərində dəfn edirdik. Əhatəmizdə Azərbaycan kəndi yox idi. Ancaq erməni kəndləri idi. 41 erməni kəndi əhatəmizdə idi. 35-i bizim ərazimizdə idi. Bizim kənd Xocavənd rayonunun 13 km-liyində yerləşirdi. Ermənilər də o yolu gedib-gələ bilmirdilər. Onlar nəyin bahasına olursa-olsun, o kəndi götürməli idilər.

Vertolyot vurulduğu üçün kəndləri tərk edirdilər. Biz Füzuliyə, Ağdama çıxmalı idik. Bu zaman erməni kəndlərindən keçməli idik. Lakin yaşlı qadınlar, uşaqlar olduğu üçün çıxmaq istəmirdik.

Fevral ayının 15-də səhər atəş başladı. Düşmən dörd bir tərəfdən hücuma keçmişdi. Xankəndi, Xocavənddən mühasirədə idik.

– Həmin günü necə xatırlayırsınız?

– İki gün öncədən atəş başlamışdı. Biz müdafiə olunmalı idik. Bizdə elə güclü silah yox idi. Avtomatlarımız var idi. Ancaq onunla özümüzü müdafiə edə bilirdik. Ermənilər səhər hücuma keçəndə ya biz öldürməli, ya da ölməli idik. Başqa yolumuz yox idi. Çalışırdıq ki, onları qıraq. Onlardan çox qırdıq. Gördülər ki, itkiləri çoxdur. Fevralın 15-də 25 nəfərimiz şəhid oldu. Fevralın 16-da geri çəkilmək məcburiyyətində qaldılar. Onlar elə zənn edirdilər ki, bizdə çoxlu silah var.

Bir də yenidən fevralın 17-də hücuma keçdilər. Bizim artıq patronlarımız bitmişdi. Heç cür əlaqə saxlaya bilmirdik. Biz onlarla danışmağa getmək istəmirdik.

Ayın 17-də tərki-silah ediləndə biz 64 nəfəri girov götürmüşdük. Məcbur təslim olduq. Yaralılarımız da var idi. Onları gözümüzün qabağında güllələdilər.

– Qaradağlı kəndindən öncə bir neçə kəndlərdə qətliamlar törədilmişdi. Öncədən təhlükəni hiss etmişdiniz?

– Bizdən öncə Malıbəyli kəndi fevralın 12-də işğal olundu. Malıbəyli kəndinin işğalından bizim xəbərimiz olmayıb. Bizim kəndi işğal etmək məqsədləri var idi. Mənə elə gəlir ki, işğal Qaradağlıdan başlayıb. Bizdən öncə işğal olunanlardan xəbərimiz olmayıb.

– Deyilənə görə, 118 nəfər əsir düşmüşdü. Siz də onların içərisində idiniz? Özünüzü necə xilas edə bildiniz?

– 118 nəfərdən 80-ni girov götürdülər. Mən, qardaşım, anam, əmilərim əsir düşdük. Bir kəndin camaatı hamımız qohum idik. Bibimi evinə gedərkən yolda vurmuşdular. Barmağında üzük var idi. Üzüyü çıxarmaq üçün biləyindən vurulub. Uşaqları, qocaları, cavanları bir yerə yığıb Xankəndi istiqamətində apardılar. O uşaqlardan hələ də xəbər yoxdur.

Girov götürdükləri 33 nəfəri yolda güllələdilər. Başlarını da kəsdilər. Qalanımızı görünür ki, sağ aparmaq istəyirdilər. Bizi Xankəndi istiqamətində apardılar. Xankəndi istiqamətində hər erməni kəndini keçəndə bir nəfərimizi güllələyirdilər. Yerdə qalanlarını Xankəndidə zirzəmiyə gətirdilər. 8 nəfəri saxladılar. Anamı hara əsir apardıqlarını bilmirdim, qardaşımın öldüyünü zənn edirdim. Qardaşım 2 sutka ərzində Ağdamın Abdal Gülablı kəndinə gedib. Kolun içində qalıb. Anamı Əsgəranda 13 gün saxladıqdan sonra dəyişiblər.

Zirzəmidə qalanda artıq 8 nəfər idik. Sonra 4-müzü təcridxanaya gətirdilər, 4-ü orada qaldı. Onlardan hələ də xəbər yoxdur. Təcridxanaya aparılanlar içərisində mən də var idim. 45 gün təcridxanada qaldım. Vəziyyətim çox ağır idi. 45 gün sonra məni Ağdamdan dəyişdilər. Qayıdıb, gələndən sonra gördüm ki, qardaşım sağdır. İnanmırdım. Sanki bir möcüzə idi.

– Kəndinizdə olan şəxslərin taleyi necə oldu?

– Bizim kənddə yad adam yox idi. Hər kəs bir-birinə qohum idi. İndi də hər biri ilə əlaqəm var. Yaslarda, toylarda görüşürük.

 Hücumdan öncə yaşayış tərziniz necə idi?

– Bizim kənd çox gözəl idi. Bütün gözəllikləri özündə cəmləşdirmişdi. Hər tərəfi bulaqlar idi. Kəndimizdə 850 nəfər yaşayırdıq. Yayda daha çox olurduq. Hər tərəfdən dincəlmək üçün bizim kəndə üz tuturdular.

– Həmin qətliamda övladlarınızdan sizinlə olan var idimi?

– 5 övladım var. 3 oğlan, 2 qız. 1991-ci il sentyabrın 28-də övladlarımı axırıncı vertolyota qoyub, Ağdama yola saldım. Onlardan xəbər tuturdum. Lakin noyabrda vertolyot vurulandan sonra əlaqələrimiz kəsildi. Onlar Ağdamdan Beyləqana gediblər. Mən xəbərsiz idim.

– Bu hadisələrdən sonra harada məskunlaşdınız?

– Hadisədən sonra Beyləqanda məskunlaşdıq. Sonradan Lənkəranda 5 il yaşadıq. Daha sonra Bakıya köçdük. Mənim hazırda 65 yaşım var. Hadisə baş verəndə 34 yaşında idim.

– Ümumiyyətlə, Xocavənd xatirənizdə necə qalıb? Oranı necə xatırlayırsınız?

– Xatirələrimdə hələ də çox gözəldir. Kəndimizdə hər şey var idi. Meşəlik, kənd dağlıq ərazidə idi. Çaylar ilə əhatələnmişdi. O gözəlliklərin həsrətini çəkirəm. Bu səbəbdən bir yerdə qərar tuta bilmirəm.

– Torpaqlarımızın işğaldan azad olunma xəbərini necə qarşıladınız?

Bu xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmirdim. Birinci Qarabağ savaşında kəndimizdən 91 nəfər şəhid olub. 2020-ci ildə isə 17 nəfər qazimiz oldu, 1 nəfər şəhid verdik. Ruhlarının şad olduğunu düşündüm.

– Ən böyük arzunuz nədir?

– Arzum Qaradağlıya qayıtmaqdır. Qəbiristanlığımızı ziyarət etmək istəyirəm. Biz hələ də kəndə qayıtmamışıq.

Nəzrin Vahid

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir